Abort olunmuşlar
Müxalifətdə hamı təklif verir. Mən də bir müxalifətçi kimi təklif verim. Nəyi etməsək də, təklif cəhətdən boluq. Belə bir təklifim var: bəlkə görüntü xatirinə, ya demokratiya adına görə yerinizi oğlunuza, yoldaşınıza və ya digər qohumunuza verəsiniz?
Yerinizi güzəştə getməmək belə bir fikir yaradır ki, iyirmi ilə bir müxalifətçi belə yetişməyib. Və yaxud sizin yerinizə layiq olan birisi. Bu, bilirsiniz, nəyə oxşayır? Yerinizi tutacağından qorxduğunuz yeni müxalifətçini gənci müxalifətin bətnindəcə abort etməyə. Hər halda, 1993-cü ildə doğulmuş müxalifətçi belə yetgin bir gəncdi. Yerinizə yeni bir simanın gəlməməsi bu fikri təsdiqləyir: ya siz yerinizə layiq birini görməyərək xalqı avam, savadsız hesab edirsiniz, ya da xalq sizi.
Deməkdən yorulduğumuz, hamının bildiyi, oxumaqdan gözümüzü qabar edən belə bir qaydanı yenə də xatırlamaqda yarar var. Hakimiyyətə gəlməyi bacarmayan müxalif liderlər istefaya gedir. Hətta antidemokratik ölkələrdə də hakimiyyəti inqilabi və ya digər yollarla devirməyi bacarmayan siyasi liderlər yerini başqasına ötürür. “Bağışla xalqım, səsini etibar etdin, qorumağı bacarmadım” məntiqilə.
Artıq 20 ildir. Bu iyirmi ilə bir illik hakimiyyətinizdən iyirmisini sığışdırmaq olar. Əcəba, iyirmi ilə bir ilə edəcəyiniz demokratik dəyişikliyi partiyada etmək olmazdımı?
1993-cü il. Mən bağçadaydım. 11 illik məktəb oxudum. İki Universitet bitirdim. İki il hərbi xidmətdə oldum. Sonrası isə bildiyiniz. Rəhmətliyin uşaqları, artıq mən qocalmışam. Bu, insan ömrüdü, qarğa deyilik ki, iyirmi ili yola verəsiniz. Daha niyə inanmalıyam sizə? İnandım, inandım, inandım... Yenə inanardım, amma siz də inanacağım söz söyləyin. Sizin yerinizə özümə söz uydurmaqdan yoruldum.
İyirmi illik vahid namizədinizi də tapmaq olar. Bu, beləmi çətindi? Biriniz vahid olun, digəriniz namizəd. `Vahid namizəd` sözünün özü belə sizə bu ideyanı verir.
Əgər iqtidarda bircə nəfər olsa da rüşvətxor məmur varsa, bunun günahı siz müxalif siyasi liderlərdədi! Dünya praktikasına nəzər salsanız, elmi potensialnız çatırsa, nə dediyimi anlarsınız.
Eh, siz mənim niyə belə yazdığımı hardan biləcəksiniz...
Teqlər: