Fərid Əhmədov yad edildi

Fərid Əhmədov yad edildi
  13 Fevral 2015    Oxunub:3771
Fevralın 13-də Cəlilabad şəhərindəki Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəb-liseydə şəhid Fərid Əhmədovun doğum günü ilə əlaqədar anma mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Fərid Əhmədov və Əhməd Abdullayevin məktəbin həyətində ucaldılmış abidələrinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər şəhid zabit F.Əhmədovun qısa, lakin mənalı ömür yolundan, torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıblar.

Qeyd olunub ki, hər bir azərbaycanlı F.Əhmədovun mübarizə dolu həyatı ilə fəxr edir. O, şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Bildirildi ki, ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən baş leytenant Fərid Güloğlan oğlu Əhmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Diqqətə çatdırılıb ki, 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda doğulmuş Fərid Əhmədov Heydər Əliyev adına Ali Hərbi Məktəbin məzunu idi.

F.Əhmədov 2009-cu ildə ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, nümunəvi xidmətinə görə qısa vaxtda baş leytenant rütbəsinə yüksəlib, kəşfiyyat bölüyünün komandiri təyin edilib.

Cəsur döyüşçü 2010-cu il sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.

Şəhidin anası Nərgiz Əhmədova və yaxınları Fərid ilə fəxr etdiklərini vurğulayıb, onların ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərasimin sonunda məktəblilər Vətən haqqında şeirlər söyləyib, şəhid zabitin qəhrəmanlığına həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti