Tükəzbanların xarici ər sevdası

Tükəzbanların xarici ər sevdası
  16 May 2013    Oxunub:10990
Sənan Əlləz

(ev qızları haqqında ballada)

Elçi daşlarının mamır bağladığı, hətta elçi dəmirlərinin pas atdığı vaxtlardan yazıram bu yazını. Siz deyin yüz il, mən deyim əlli il sonra. Siz deyin gələcəkdən, mən deyim keçmişdən.
Xəlbirləri dibi yanmayan tavalar əvəz edib samansız mətbəx mebellərində gözləyərkən, dəvələrin dəlləklikdə qazanc olmadığını görüb, özlərinə stilist “Camel” adlarını verərək köhnə hamamda yox, gözəllik salonlarında at oynatdıqları zamandan yazıram bu yazını. Zaman kəsiminə bax ki, dəvələr at oynadır. Amma maraqlı frazadır, elə deyilmi?. Çoxları “indiki zaman” deyir, amma evdəqalmışlar üçün gələcək, ər sevdalı, çiçəyi burnunda Tükəzbanlar üçün isə keçmiş zamandayıq. Vaxt gedir, illər ötür, saçlar ağarır, ər gəlmir ki, gəlmir. Artıq əri gözləmək bir hobbi halına çevrilib. Gələcək, o, mütləq bir gün gələcək...

Gəlirmi, görəsən? Bizim Tükəzbanların arzuları göyərib çiçəklənirmi? Yoxsa elə ürəklərində saralır o göyərən arzular? Gəlin, bunu araşdıraq.

Tükəzbanların niyyəti gözəldir. “Ər” gözləmək, sevmək, sevilmək, sevişmək (“-18”lərdən üzr istəyirəm və bildirməliyəm ki, əsla böyük şəhərlərdə sex olmur) doğmaq, övlad böyütmək. Necə də gözəl hisslərdir. Amma düyün düşüb arzuları. Elə bil ki, kimsə Tükəzbanların uğuruna tüpürüb. Kimsə Tükəzbanların dil-ağızlarını, onların “ər”ciyəzlərinin isə əl-ayaqlarını bağlayıb. Nəfsin kəsilsin fələk, gözlərini yolda qoydun bizim Tükəzbanların. Bir insafın olsun, yazıqdılar axı.

Mən nə billah etdimsə, fələk yaxasına sancaq taxıb dedi ki, “siz Tükəzbanları nəfəsi qüvvətli qadına oxutmalısınız, mən bir dəfə bağladımsa, aça bilmərəm”. Nə isə Tükəzbanların nənə-dədələri başladılar nəfəsi qüvvətli qarı axtarmağa. Məlum oldu ki, qarının adı var, özü yoxdu. İgid də deyil ki, ataların məsəlinə boyun əyib keçəsən. Nə başınızı ağradım, Tükəzbanlar işin bu yerdə olduğunu görüb başladılar yalvar -yaxar eləməyə ki, adına qurban olduğum qarı oxu-üflə bizi. Qarını hamınız tanıyırsınız. Adı “Televizor” nənədi. Bu Televizor nətər oxudusa, bizim Tükəzbanları hamısının bəxtini açdı. Hələ nənəm demişkən “ər”ciyəzlik bığıburma igidlərin şiklini (şəklini) də göstərdi. Özüdə hamısı çalıb-oxuyan tayfasından. Əsas məkan Türkiyə, Rusiya və qismən bizim Bakı oldu. Bizim Tükəzbanlar başladılar İbrahim Tatlısəsdən tutmuş, Əmrah, Özcan Dəniz, Tarkan... hamısına aşıq olmağa. Paho, heç nə dəyişmədi ki, bu tifillər yenə yol gözləyəcək. Bəs axı “Televizor” bunların bəxtini açmışdı?..

Gec oldu, amma güc oldu. Ucdantutma başladılar Bakıya gəlməyə. Hə, əsl mərəkə onda başladı. Bizim Tükəzbanlar özlərini elə həlak elədilər, elə həlak elədilər ki, gəl görəsən. Əmraha görə ürəyi gedən kim, Sərdar Ortaca görə saçlarını yolub küləyə verən kim, Tarkana görə bir-birlərinin üz-gözünü cıran kim... Hələ mən Andrey Qubini, Dima Bilanı demirəm. Olan bizim Tükəzbanlara oldu. Amma yenə ərə gedə bilmədilər.

Sonra başladılar kişilərin futboluna şərik çıxmağa. Futbola azarkeşlik etsələr dərdimiz əlli faiz, bu canıyanmışlar hamısı gədələrə vurulub, sən demə. Ay sizi ər aparsın ha... Maykl Ouen, Devid Bekhem, Canluici Buffon və siz nə qədər əcnəbi şort geyən tanıyırsınız, hamısı xəyali şəkildə oldular “kürəkən”. Dörd ildən bir gəldilərsə, nə xoş bizim Tükəzbanların halına, yox gəlmədilərsə, bu gədələr hər qol vuranda Tükəzbanlar köks ötürdülər. Can bala, can. Hətta Tükəzban oldu ki, Kriştiano Ronaldoya görə 5-6 elçiyə “yox” dedi, indi başıma dönsün heç elçi daşı da yoxdu. Qanunsuz tikililərin siyahısına düşüb onun elçi daşı.

Futboldan sonra seriallar başlamadımı?. Vay dədəm, vay. Ailədə Kıvanc Tatlıtuğa görə iki bacı düşmən oldu. Kənan İmirzalıoğlunu bölüşə bilmədikləri üçün xalaqızı xalaqızının adını pisə çıxartdı. Azərbaycanda kinoteatrlar aşdı daşdı Özcan Dənizin geydirmə (plagiat) filmindən ötəri. Yenə əlləri-qolları bağlı oturdular dədələrinin xarabalarının bir küncündə. Gəlmədi ki, gəlmədi...

Sonra məlum oldu ki, “Televizor” qarı missioner imiş. Bizim Tükəzbanları yoldan çıxarırmış, pozurmuş. Daş-qalaq eləmək istədilər “Tele” qarını, amma sonra hərəyə bir daş ataq dedilər. Bir müdrik dedi ki, kim heç “Tele” qarıdan bəhrələnməyibsə, o atsın daşı. Məlum oldu ki, bəhrələnməyən yoxdu. Sonra həmin müdrik dedi ki, “səviyyəli” məsləhət alanlar daş atsın. Üç-beş nəfər tapıldı və atdılar daşı, daş ancaq “Tele” qarının topuğuna çatdı və məlum oldu ki, artıq gec imiş.

Mənim yazığım gəlir bizim Tükəzbanlara. “Fanat” və “kumir “ sözlərini “ər” və “arvad” sözləri ilə dəyişdirib qazıyıblar beyinlərinə. Olan-qalan beyin də qazınmadan sonra alt -üst olub. Eh, körpə yaşında Əmraha aşıq olanlar vaxtında ailə qursaydılar, “ər” sevdasına qapılmasaydılar, indi evlənməli, ərə getməli külfətləri var idi. Amma hələ də yol gözləyirlərsə, onlara bircə cümləm bəs edər:
Əgər gözləmək kimi müqəddəs ritualda qazanmaq və itirmək kimi qorxunuz yoxdursa, o zaman gözləyin Tükəzbanlar, gözləyin.


Teqlər:





Xəbər lenti