`Kopperfild iplə uçmur` - Azərbaycanlı fokusçu

`Kopperfild iplə uçmur` - Azərbaycanlı fokusçu
  06 Fevral 2015    Oxunub:7967
AzVision.az-ın müsahibi Azərbaycanın ən məşhur illüzionisti, “Sehirbaz Tofiq əmi” kimi tanıdığımız Tofiq İsgəndərlidir. Əvvəl sirkdə işləsə də, hazırda Bakı Uşaq Teatrında çalışır. Və buranın `daha sərfəli` olduğunu deyir:
`Sirk də əla idi, orada yetərincə işlədim də. Sadəcə, sirk mövsümü işdir, ildə 3–4 dəfə tamaşa olur. Sən 30 gün işləyib, qalan günləri boş olursan. Boş-boşuna gedib-gəlirdim`.

İndi isə "Şou magiya" adlı böyük illüziya proqramı ilə konsertlərin tərkibində çıxış edir. Bu yaxınlarda İranda meydan tamaşalarının festivalına qatılıb.

-Teatr maaşı ilə dolanmaq mümkün deyil. Əlavə qazanc yerləriniz varmı? Çörəkpulunu haradan çıxarırsınız?

- Teatrdan 160 manat məvacib alıram. Əlavə gəlir yeri dedikdə mənim, nə obyektim, nə də başqa pul gətirən müəssisəm yoxdur. Əlavə qazanc yerim tədbirlər və toylardır. Hara dəvət edirlər, ora gedirik.

- Deməli, insanlarda fokusa maraq var da?...

- Maraqdan əlavə, bəhsə-bəhs də var. Birdən elə yerə dəvət edirlər ki, baxırsan, heç bilmir fokus nədir. Sadəcə, Məmməd, Əli dəvət edibsə, Vəli niyə etməsin? Doğrudur, bu, mənə əslində sərf edir - gedirəm pul qazanıram.

- 35 ildir bu işlə məşğulsunuz. Tələbə yetişdirmisinizmi?



- Tələbəm var. Amma inanmıram ki, bu yolla getsin. Çünki çətindir, qəlizdir. Şəxsən mən getməzdim.

- Çətinliyi nədədir ki?

- Tutaq ki, mən adi vətəndaşam. Fokusa baxmaq istəmirəm, başqaları da həmçinin. O zaman nə edəcəksən? Maaşla dolanacaqsan? Məcbur gedib kiminsə qapısını döyüb, deməyəcəksən ki, fokusçu lazımdır? İndi elələri də var, düşürlər əyləncə mərkəzlərinin, restoranların canına. Ona görə də normal, ağıllı-başlı iş tapıb işləmək lazımdır. Söhbət Azərbaycandan gedir, ölkədən kənardan getmir. Mən özüm İrana tez-tez gedirəm. Orada master-klass keçirəm. İranda illüzionistlər üçün imkan daha çoxdur, nəinki burada. Orada müəyyən şəxslər var ki, bütün dünya mağazalarına fokus alətləri satırlar. Onlarda kifayət qədər iş var.

- Bizdə vəziyyətin belə olması nə ilə bağlıdır?

- İnsanların marağı çoxdur. Sadəcə, lazım olan səviyyədə təqdimat yoxdur. Məsələn, biz 2012-ci ildə Rus Dram Teatrında konsert verdik. Həmin tamaşada gördüm ki, camaatın baxmaq istəyi var. Tamaşa olan günə kimi qorxurdum ki, heç kim gəlməyəcək. Amma konsert günü zal doldu. 3 saat ərzində bir tamaşaçı durub bayıra çıxmadı.

- Fokusçuluq anadangəlmə istedaddır, yoxsa sonradan qazanılmış vərdiş?

- Anadan fokusçu doğulmaq olmur. İnsanda gərək güclü həvəs, bir də güclü fantaziya, artistlik olsun. Bu 3 xüsusiyyət kimdə varsa, peşəkar fokusçu ola bilər.

-Məsələn, siz fantaziyanızı necə inkişaf etdirirsiniz?

- Tələbə olanda Axundov kitabxanasına gedib, fokusla bağlı kitablar axtarırdım. 1600-1700-cü illərin kitablarının kopyalarını başqa ölkələrdən sifarişlə gətizdirib, oxuyurdum. Müxtəlif klublar yaratmışdıq. Bu sahədə sırf müəllimim olmayıb. Özüm öyrənmişəm. 4-5- ci sinifdə oxuyanda kəndimizə fokusçular gəlirdi. Bizdə də elə idi ki, kəndlər bir-birinə yaxın yerləşirdilər. Ona görə də mən onların dalınca düşüb hər kəndə gedirdim. Həmişə də havayı gedib baxırdım. Ya pəncərədən girirdim, ya da qapıdan sivişib keçirdim. Fokusçular da içi mən qarışıq, məşq edəndə və ya nömrə göstərəndə xoşalmırlar ki, kimsə onlara kənardan baxsın. Məni göndərirdilər ki, get buradan. Uşaqları başıma yığıb, ilk nömrələrmi göstərirdim. Belə-belə öyrənirdim. Artıq altıncı, yeddinci sinifdə bilirdim ki, hara gedəcəyəm, harada olacağam və harada oxuyacağam.

-Heç olubmu ki, konsertlər zamanı planlaşdırdığınız nömrəni alındıra bilməmisiniz?



-Bu sənətin beynəlxalq qəbul olunmuş adı illüziondur. Onun da mənası `yanlış təsəvvür` deməkdir. Yəni göz aldatmacası. Bir də var əl cəldliyi ilə olan işlər. Burada məqsəd odur ki, müəyyən biclikləri qoruyub saxlaya biləsən. Ancaq buna baxmayaraq, heç kim deyə bilməz ki, olmayıb. Mənim də başıma belə hadisələr gəlib. Deməli, sirkdə tamaşaçılara bir nömrə göstərirdik. Qız girir yeşiyə, yeşiyi bağlayıram, fırlanır, sonra açılır. Qız yeşikdən yox olur. Sirkdə arena dairəvi olur axı, sən də qutunu fırladırsan ki, bütün tamaşaçılar görsünlər. Mən müəyyən bir etapa çatanda naməlum bir yer var, ora açıldı. Halbuki, açılıb görünməməliydi. Tamaşaçıların bir hissəsi oranı gördü. Sonra mən fırladanda bağlandı. Ancaq aydınlaşdıra bilmədilər ki, orada olan nədir.

Fokusun 6 qızıl qaydası var. O qaydalardan biri də odur ki, əgər səhnədə nömrə alınmırsa, tamaşaçı gülürsə, səndə ona qoşul, gül, keç. Guya ki, belə də olmalı imiş. Tutulmaq və ya karıxmaq lazım deyil. Başqa variant bilirsənsə et, bilmirsənsə, vecinə də alma.

- Məşhur fokusçuların, məsələn, Devid Bleyn, yaxud Devid Kopperfildin nömrələrinə baxanda başa düşürsünüzmü ki, orada nələr baş verir?

-Demək olar ki, hə. Nömrələrin hamısı eynidir.

- Məsələn, Kopperfildin uçmağı haqında çox mübahisələr gəzir. O, doğurdanmı iplə uçur?

- Yox onun variantı iplə bağlı deyil. O, daha sadə texnologiyadan istifadə edir. Fokusçuların variantı həmişə sadə olur. Sadə olanda effekt də güclü olur. Tamaşaçı isə həmişə çətin izahat axtarır.

- İndi yeni fokus nömrələri hazırlanırmı? Yoxsa elə ənənəvi nömrələrdən istifadə olunur?
- Var, məsələn, mənim özümün patentləşdirilmiş 6 eksklüziv nömrəm var. Onlardan ikisini internetdə yerləşdirmişəm. 3-ü illüziondur, 3-ü isə xırda nömrələr. Bu, nə kəşf, nə də ixtiradır. Sadəcə olaraq, nömrənin müəllifi göstəririr ki, bunu necə fikirləşib, hansı şəraitdə tapıb. Onlar da yoxlayır, sonra təsdiq edirlər. Sadəcə olaraq, sən haradansa götürdüyün nömrəyə mütləq öz fantaziyanı əlavə etməlisən. Yoxsa hər şeyi kitabda olduğu kimi versən, olmaz.

- Fokusdan başqa məqsədlə öz xeyriniz üçün istifadə etmisinizmi?



- Bu, elə şeydir ki, adam edər, şirnikləşər. Sonra özünə elə fokus edəcəklər ki, Allah bilir, hansı həbsxanada oturacaqsan.

-Heç təcrübənizdə qəza olubmu?

- Mənim yox, amma başqa fokusçuların şoularında belə hadisə olub. Xəncərlə bir foksçu qutudakı qızı yaralamışdı.

Şahanə RƏHİMLİ
Nuron MƏMMƏDOV



Teqlər:  





Xəbər lenti