Babəkdən böyük qəhrəmanlar

Babəkdən böyük qəhrəmanlar
  14 May 2013    Oxunub:1631
Əsəd Qaraqaplan

Sərdar Cəlaloğlu bir qədər əvvəl demişdi ki, Babək bizim milli qəhrəman deyil. Bunu görəndə hələ əvvəllər bu barədə yazdığım bir yazımı xatırladım. Bir az fərqli yöndə olsa da, Babək barəsində fikirlərimizin üst-üstə düşən tərəfi çox idi...
Çağdaş dövrün gözəgörünməz, ya da az gözə görünən qəhrəmanları bugünə qədər bizə sunulan qəhrəmanlardan daha böyük qəhrəmanlardılar! Bizə hansısa qəhrəmanı (məsələn, Babəki) misal çəkəndə elə ağızdolusu çəkirlər ki, ilkin olaraq adam heyrətə gəlir. Amma bir az araşdıranda, dərinə gedəndə görürsən heç də elə deyil, sən özün indiki halınla – hər şeyə qarşı döyüşməyinlə daha çox qəhrəmansan.

Səsimiz hər yerdə eşidilməsə də, varlığımız hər yerdə duyulmasa da, biz hər şeyə qarşı döyüşürük!
Biz iyrəncliklərə qarşı döyüşürük, piliklərə qarşı döyüşürük.
Biz cəmiyyətə qarşı, zamana qarşı, ətrafımıza qarşı, özümüzə qarşı, hətta Allaha qarşı döyüşürük – hər kəsin olan Allaha qarşı.
Bizim arxamızda heç kim dayanmayıb, hər şey bizim önümüzdə və bizə qarşıdı.

Bizim böyüklüyümüz arxamızda heç kimin dayanmamasında, hər şeyin bizə qarşı olmasındadı.
Hər şey bizi dışlayıb. Cəmiyyət, kütlə, ətraf, zaman, hətta öz ailəmiz, sevdiklərimiz.

Babək Ərəb xilafətinə qarşı döyüşəndə onun arxasında ən azından xalq və sevdikləri dayanırdı.
Babək yalnız bir şeyə qarşı döyüşürdü.
Biz qaranlıq tunelləri işıqlı gündüzlər kimi addımlayan, böyük orduların arasında tək qalan və heç bir tərəfə aid olmayan savaşçılarıq.
Bizim çıxış yolumuz hər şeyə qarşı döyüşməkdi...
Əgər biz döyüşdüklərimizdən birinə yol versək, birini yola versək, o, bizi tutub ələ verəcək, o birilərinə də yol açıb, bizi məhv etdirəcək.

Babəki kim satdı? Yaxın adamlarından biri!
Babək niyə məğlub oldu? Çünki o, yalnız bir şeyə qarşı döyüşürdü.
Babək qolunun gücünə güvənirdi.
Babək kütləyə, ətrafa, cəmiyyətə, ailəyə, zamana, sevdiklərinə güvənirdi,
Babək birinci kimlərlə, nələrlə necə döyüşməli olduğunu unudurdu.
Babək çağdaş dövrdə qəhrəman ola bilməzdi.
Biz həm qolumuzla döyüşürük.
Biz həm sözümüzlə döyüşürük.
Biz həm hisslərimizlə döyüşürük.
Biz bütün varlığımızla döyüşürük.
Bizim çıxış yolumuz hər şeyə qarşı döyüşməkdi!

Faciə sənin ailə, cəmiyyət, kütlə, ətrafın, zaman, yaxınlar, sevdiklər tərəfindən dışlanmağında deyil, faciə sənin bunlardan birinə və ya heç birinə qarşı döyüşməməyində və ya döyüşə bilməməyindədi.

Bu gün kimlərinsə, nələrinsə yanında bütün varlığıyla olan, kimlərisə, nələrisə arxasında görən adamların uğursuzluqlarının səbəbi bilirsiniz, nədir? Onların yanında olduqlarına, arxalandıqlarına qarşı döyüşə bilmələri və bundan da heç nəyə qarşı döyüşə bilməmələridi.

Bir şeyə satıldınsa, hər şeyə satılacaqsan!
Birinə boyun əydinsə, hamıya boyun əyəcəksən!
Birinin yanında oldunsa, hamının yanında olub, hamı kimi olacaqsan!
Birini arxanda bildinsə, hamı arxana keçəcək, önündə döyüşməyə heç kim qalmayacaq!
Babək kütləyə, ətrafa, cəmiyyətə inandı, boyun əydi.
Babək ailəyə, yaxınlarına, sevdiklərinə inandı, boyun əydi.
Babəki öncə sadəlövhcəsinə inandıqları, boyun əydikləri məğlub etdi, sonra Ərəb xilafəti.
Babək hamı kimi olduğundan, hamının olduğundan məğlub oldu.
Hər kəsə qarşı döyüşmək öncə özünə qarşı döyüşməkdi.
Biz öncə özümüzə qarşı döyüşürük.
Sonra ailəmizə, yaxınlarımıza, sevdiklərimizə qarşı döyüşürük.
Sonra cəmiyyətə, kütləyə, ətrafa, zamana qarşı döyüşürük.
Sonra Allaha qarşı döyüşürük, hər kəsin olan Allaha qarşı.
Bizim çıxış yolumuz hər şeyə qarşı döyüşməkdi.

Babək Ərəb xilafətinə qarşı döyüşürdü, özünə qarşı döyüşmürdü.
Babək sonra ailəsinə, yaxınlarına, sevdiklərinə qarşı döyüşmürdü.
Babək sonra cəmiyyətə, kütləyə, ətrafa, zamana qarşı döyüşmürdü.
Babək sonra Allaha qarşı döyüşmürdü, hər kəsin olan Allaha…

Öz içimizə çəkildiyimiz kirayə gecəqondularında, bizi tərk edən insanların yalnızlığında, heç kəs kimi olmayanda, heç kimsənin yanında durmayanda biz hər şeyə qarşı döyüşürük.

Ailəmizin bizə verdiyi yıpranmış öyüd-nəsihəti görəndə, cəmiyyət çürük dəyərlərlə üstümüzə gələndə, ətraf bizə heç bir şans verməyəndə biz hər şeyə qarşı döyüşürük.
Zaman insanlığı heçə endirib, maddiyəti önə çəkəndə, Allah kütlənin zehniylə əlibaltalı üstümüzə gələndə biz hər şeyə qarşı döyüşürük.

Biz ona görə özümüzə qarşı döyüşürük ki, hər kəs kimi olmayaq, satılmayaq, boyun əyməyək.
Biz ona görə ailəmizə qarşı döyüşürük ki, onlar hər kəs kimi olub, bizi də yıpranmış öyüd-nəsihətlə hər kəs kimi etməyə qalxır, bizə sərhəd olurlar.
Biz ona görə sevdiklərimizə qarşı döyüşürük ki, onlar bizi özlərinə olan sevgiylə kölə etməyə çalışır, sevgimizin daha böyük işlərə yaramasına yol vermirlər.
Biz ona görə cəmiyyətə qarşı döyüşürük ki, cəmiyyət eyni havanı çalıb-oynayan kütlə yığınıdı və bizi birinci satıb, ələ verməyə çalışandı.

Biz ona görə ətrafa qarşı döyüşürük ki, ətraf həmişə öz məqsədindən ötrü bizi qurban verməyə çalışır, iyrənc siyasətini gizlətməkdən ötrü bizi qullanmağa məqam gəzir.
Biz ona görə zamana qarşı döyüşürük ki, zamanın olan hər şey bizə gündəlik həyatda, ötəri qayğılarda yanaşır, öz istədiyini diqtə etməyə çalışır.
Biz ona görə Allaha qarşı döyüşürük ki, O, hər kəsin olmaqdan qurtulsun, əsl Allah olsun.
Biz ona görə hər şeyə qarşı döyüşürük ki, bizim başqa yolumuz yoxdu!
Bizim çıxış yolumuz hər şeyə qarşı döyüşməkdi!

Babək əsl qəhrəman deyildi.
Babək kütlənin, cəmiyyətin, ətrafındakıların, zamanın qəhrəmanıydı.
Xalqın gözü tərəzi deyil.
Xalq gözlə görünən reallıqları öz gözündə çəkir.
Həqiqətsə gözlə görünən reallıqlardan ibarət deyil.
Babəki satan, ələ verən Səhl ibn Sunbat Babəkdən daha çox qəhrəman idi.

Satılmışı, ələ verilmişi, boyun əymişi satmaq, ələ vermək daha çox qəhrəmanlıqdı.
Qəhrəman olmaq heç kəs kimi olmamaq, heç əyin yanında olmamaqdı. Fərd olmaqdı, Fərd.
Qəhrəman olmaq ailəyə, cəmiyyətə, kütləyə, zamana qarşı olmaqdı.
Qəhrəman olmaq Allaha qarşı olmaqdı, hər kəsin olan Allaha qarşı.

Qəhrəman olmaq hər şeyə qarşı döyüşməkdi.
Hər şeyə qarşı döyüşmək dərviş olmaqdı, dəli olmaqdı.
Ağıllı olan heç nəyə qarşı döyüşməz, hiyləylə gününü yola verər.
Dərviş, hər şeyə qarşı döyüşən Nəsimidi, ağıllı, heç nəyə qarşı döyüşməyən zahid.
Heç nəyə qarşı döyüşməyənin bir barmağın kəssən dönüb Həqdən qaçar, hər şeyə qarşı döyüşəni diri-diri soyarlar ağrımaz.

Hər şeyə qarşı döyüşən gerçək aşiqdi, heç nəyə qarşı döyüşməyən fitva verən.
Həq hər şeyə qarşı döyüşəndi, Həq hər şeyə qarşı döyüşəndədi.
Bizim çıxış yolumuz hər şeyə qarşı döyüşməkdi!


Teqlər:





Xəbər lenti