Hatay terrorundan kim qazandı? – TƏHLİL

Hatay terrorundan kim qazandı? – TƏHLİL
  14 May 2013    Oxunub:1812
Türkiyənin Hatay əyalətinin Reyhanlı şəhərində mayın 11-də baş vermiş partlayışda ölənlərin sayı 46, yaralıların sayı isə 100 nəfərə çatıb. Baş vermiş hadisə ilə bağlı Türkiyə tərəfi artıq rəsmi şəkildə Suriyanı ittiham edib. Türkiyənin baş nazirinin müavini Bəşir Atalay terror hadisəsinin Suriyanın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini bildirib. Daxili işlər naziri Muammer Gülerin hadisəylə bağlı bəyanatı Atalayın dediklərini təsdiqləyib. Nazir artıq 9 nəfərin saxlanıldığını da söyləyib.

Suriya isə özünə qarşı səslənən ittihamları rədd edib. Suriya höküməti adından bəyanat verən ölkənin informasiya naziri Omran əz-Zoubi Dəməşqin partlayışlara görə məsuliyyət daşımadığını qeyd edib. Suriya rəsmisi baş nazir Ərdoğanı günahsız insanların qanı üzərində siyasət qurmaqda günahlandırıb. Hadisədən dərhal sonra, ABŞ, Avropa Birliyi və NATO partlayışlara münasibət bildirib və Suriyanı qınayıblar.

Əgər həqiqətən də, hadisə Suriya xüsusi xidmət orqanları tərəfindən törədilibsə, bu zaman belə nəticəyə gəlmək olar ki, ölkənin hakim eşalonunda ciddi fikir ayrılıqları mövcuddur və hakimiyyət daxilində prezident Bəşər Əsədin əleyhinə fəaliyyət göstərən qüvvələr var. Çünki Suriyanın hazırkı vəziyyətində qonşu dövlətlə konfrontasiyaya getməsi Dəməşq rejiminin sonu anlamına gələ bilər. Bir tərəfdən daxili inqilab, digər tərəfdən İsrailin raket zərbələri fonunda üstəgəl, Türkiyədə partlayış törədilməsi barədə Bəşər Əsədin göstəriş verməsi inandırıcı deyil. Belə vəziyyətdə Suriyanın İsrailə cavab zərbəsi endirməsi Əsəd rejimi üçün daha xeyirli ola bilərdi. Ölkə ictimaiyəti və eyni zamanda Yaxın Şərqin müsəlman icması Əsədin müdafiəsinə qalxa bilərdi. Lakin görünür ki, Əsəd hakimiyyəti bu addımı atmaq üçün belə, kifayət qədər güc toplaya bilmədi. Belə vəziyyətdə Suriyanın Türkiyədə partlayış törətməsi məntiqsiz görünür.

Hatay partlayışının daha çox Ankaranın maraqlarına cavab verdiyini desək, yanılmarıq. Belə ki, bu hadisə Türkiyə ictimayyətinin Əsəd rejiminə qarşı nifrətini artırdı və Ərdoğan hökümətinin bu rejimə qarşı “mübarizə”sinə ictimayyətin gözündə haqq qazandırdı. Əsəd özü ilə bağlı “yəhudu düşmənçiliyinin qurbanı” imicini formalaşdırmışdı və buna görə Türkiyə daxilində sadə insanlar “müsəlman həmrəyliyi” kodeksindən irəli gələrək, Suriyada baş verənlərin səbəbkarı kimi yəhudiləri görür, öz hökümətlərinin anti-Əsəd mövqeyini hər zaman dəstəkləmirdilər. Bu hadisə ilə isə Əsədin “türklərin düşməni” olduğu ortaya çıxdı.

Ərdoğan İsrailin “Mavi Marmara” olayına görə üzr istəməsi və təzminat ödəməyə razı olması, həmçının, PKK-nı tərkisilah etməsi ilə qazandığı xalları Suriya kampaniyasına qurban verə bilməzdi. Unutmaq olmaz ki, 2014-cü il Türkiyədə prezident seçkiləridir və konstitusiya dəyişikliyinə əsasən prezidenti parlament deyil, artıq xalq seçəcək. Prezidentliyə ən real namizəd isə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğandır.

Hatay hadisəsi imkan verir ki, Suriya kampaniyası Ərdoğana xal itkisi hesabına başa gəlmək əvəzinə, əksinə, seçki xalları qazandırsın. Türkiyənin bundan sonra Suriyaya qarşı zərbə endirməsi xalq tərəfindən “düşmənə layiqli cavab” kimi qiymətləndiriləcək və Ərdoğanı xalq qəhrəmanı edəcək.

Beləliklə, Ərdoğanın İsraillə birgə Suriyaya hücun etməsinə heç bir maneə qalmır. Bununla da, Ankara PKK-nın tərkisilah olunması və İsrailin alçaldıcı üzürünün əvəzini də ödəyəcək.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti