Evli qadınlar başqa kişiylə niyə qaçır? - ARAŞDIRMA

Evli qadınlar başqa kişiylə niyə qaçır? - ARAŞDIRMA
  15 Yanvar 2015    Oxunub:56317
Evli xanımların həyat yoldaşını, uşağını ataraq başqasına qoşulub qaçması cəmiyyətin qınaq obyektinə çevrilib. Son vaxtlar bu kimi halların sayı xeyli artıb. Demək olar ki, hər gün gəlinlərin evi tərk etməsi, subay oğlana qoşulub qaçması kimi xəbərlər eşidirik. Maraqlıdır ki, daha çox rayonlarda rast gəlinən hadisələr artıq adi hal alıb. Ötən il 10-a yaxın belə hadisə qeydə alınıb.

2014-cü ilin ən utancverici xəbəri Ağcabədi şəhərindən gəldi. Evli, iki uşaq anası, 18 yaşlı Abbasova Əfsanə Mədət qızının, 44 yaşlı, evli, əvvəllər bir neçə dəfə ailə qurub-boşanmış Kərimov Novruz adlı şəhər sakininə qoşulub qaçımasının ardınca Göyçayda, Qusarda, Xaçmazda, Qubada da gəlinlərin evi tərk etməsi xəbərləri yayıldı. Göyçayda daha bir utancverici xəbər yenicə ailə qurmuş 19 yaşlı gəlinin sevgilisinə qoşularaq evi tərk etməsi oldu.

Cəmiyyətimizə xarakterik olmayan bu hal Siyəzəndə də baş verdi. 5 uşaq anası 30 yaşlı Gülnar Ağayeva həyətdə işləyən ustaya qoşularaq qaçdı. Bir müddət sonra daha bir xəbər Qubadan eşidildi. 6 ilin gəlini 2 uşağını ataraq internetdə tanış olduğu oğlana qoşularaq qaçdı. Daha bir rüsvayçı olay isə toy günü baş verib. Belə ki, Xaçmazın Qobuqıraq kənd sakini olan Simuzər Sabirqızı toy günü başqasına qoşularaq yoxa çıxıb. O, bundan əvvəl 4 dəfə nişanlı olub, hər dəfə isə nişanını toyqabağı geri qaytarıb.
Qusar rayonunda da analoji hadisə yaşanıb. Rayonun Hiloba kəndində 21 yaşlı gəlinin itkin düşməsi elan olunsa da az keçməmiş Güləsər Səlimovanın telefonunda yad kişi ilə mesajları tapılıb. Ehtimal edilir ki, o da başqa bir oğlana qoşularaq qaçıb.

Bir sözlə, son günlər tez-tez eşitdiyimiz gəlinlər heç bir səbəb göstərmədən övladını, ərini, tərk edərək başqası ilə qaçması xəbərləri sanki ənənə halını alıb.

Kənardan adi görünsə də evli qadınlar bu addımı atması ciddi müzakirə mövzusudur.

Onlar niyə qaçırlar? Səbəb nədir?



Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova gəlinlərin evi tərk etməsində günahı kişilərdə görür. Birlik sədrinin sözlərinə görə, kişilərin öz ailələrinə kifayət qədər biganəliyi, diqqətsizliyi sonda avradın evi tərk etməsi ilə nəticələnir:

“Qadın ona lazım olan diqqəti ərindən görməyəndə həmin qayğını başqa kişidə axtarır. Kişilər qadınları ilə oturub söhbət etmək, onların ehtiyaclarını bilmək istəmirlər. Ailə başçısının evə kənar şəxslər gətirməsi təbii ki, müəyyən hadisələrlə nəticələnir. Bir sözlə, ənənəvi Azərbaycan ailəsində kişi öz həyat yoldaşına kifayət qədər xoş söz demək, onunla vaxt keçirməyi həmişə ikinci plana saxlayır. Hamıya, hər şeyə vaxt tapır, başqaları ilə vaxt keçirməyi daha rəngarəng hesab edirlər, nəinki öz həyat yoldaşları ilə. Kim ki, iradəlidir dayanır, kim ki, iradəsi zəifdir qarmağa düşür”.

Gəlinlərin baş götürüb evdən getməsində hər iki tərəfin gühankar olduğunu deyən M.Zeynalova hesab edir ki, bu cür ailələr sonda dağılır:

“Əvvəllər ailə quranlar hamısı əmin idi ki, onlar ömürlərinin sonuna kimi birlikdə yaşayacaqlar. Amma indi gənclər sığortalanmamış ailə qururlar, hər dəqiqə boşanmağa hazırdırlar. Mən demirəm ki, yalnız kişilər günahkardır. Qadınlar da təmkinli olmalıdır. Hamı rahatlığını istəyir. Əvvəllər ana deyirdi ki, mən həyatı boyu evi övladsız tərk etmərəm. Amma indi bunu edirlər. Bir sözlə indiki ailələrdə nə yoldaşına, nə övladına qarşı sevgi yoxdur”.

Evdən qaçan gəlinlər arasında Təmiz Dünya İctimai Birliyinə üz tutanların da olduğunu deyən M.Zeynalovanın sözlərinə görə, onlardan birini ailəsi ilə barışdırmaq mümkün olsa da digərləri bu addımı atımır:

“Bizə müraciət edən gəlinlər rayonlarda yaşayanlar olub. Onlar da yoldaşından qaçıblar. Səbəb kimi isə kişinin xəyanəti göstərilib. Çox vaxt isə cavan gəlinlərin evi, ailəsini tərk edərək başqasına qoşulub qaçması, evə yad adamın gətirilməsi, həmin dostun fürsətdən istifadə edərək qadını yoldan çıxartması göstərilib. Həyat yoldaşlarından həmin qayğı və diqqəti görməyən qadın yad kişinin toruna düşür. Bütün bunlar gəlinlərin evi tərk etməsinə səbəb olur”.

“Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”

Serialların da ailələrə güclü təsir etdiyini söyləyən M.Zeynalova serialları on il bundan öncə atılmış bombaya bənzədir. O, həmin serialların artıq öz nəticəsini verdiyini və bundan sonra da bu cür fəsadlar verəcəyini deyir:

“Bir dəfə birliyə psixoloji yardım üçün qadın gəldi. Onun dedikləri məni şoka saldı. “Ərli arvadların hamısının sevgilisi var, mənim niyə yoxdur?”. Yəni bunu normal kimi qəbul edirlər. Əslində isə bu norma deyil. Bu tipi məlumatlar bir-birinə ötürülür və zəif psixologiyası olan insanlara təsir edir. Depressiyadan çıxmaq, adrenalin yaşamaq üçün gəlinlər bu yola əl atırlar”.

Ailələrini tərk edən gəlinlərdən rəhbərlik etdiyi təşkilata müraciət edənlərin olduğunu deyən M.Zeynalova bir nəfəri ailəsi ilə barışdırdıqlarını ikincinin qadının isə bütün cəhdlərə baxmayaraq əri ilə barışmadığını söyləyib:

“Qadınların da kişiləri aldatması ilə bağlı faktlar az deyil. Hətta qadın xəyanətinə görə ailəsini tərk edən kişilər də olub. Elə ailələr var ki, həyat yoldaşının psixoloji durumunun normal olmadığı üçün psioxoloqa gətirib, lakin məlum olub ki, onun kənarda sevgilisi var. Beləcə, ailə dağılıb”.



“Onlar sadəcə manyakdırlar, başqa adı yoxdur bunun...”

Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, rayon mühitində yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə tanımadıqları adamlara qoşulub gedirlər:

“İnsanlar dünənə kimi konservativ həyat tərzi sürürdülər. Həyata mühafizəkar münasibət var idi. Hətta gəlin qaynatanın yanında övladını qucağına götürməzdi. Yanaşmalar fərqli idi. İndi biz informnasiya əsrində yaşayırıq. Bu hallara təsir göstərən faktorlar sırasına interneti, serialları daxil edə bilərik. Elə seriallar var ki, insanların yanaşması ilə üst-üstə düşmür. Onlar təmtaraqlı həyat axtarışına çıxır və nəticədə xoşagəlməz hallar yaranır. Gəlinlər fərdi konfortunu düşünərək bu cür problemlərə yol açırlar”.

Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranların da normal adamlar olmadığını deyən psixoloqun sözlərinə görə, onlar ya bir neçə dəfə ailə həyatı yaşayanlar, ya da psixoloji cəhətdən problemi olanlardır:

“Rayonlarda yaşayan gəlinlər daha yaxşı həyat arzusu ilə evdən qaçırlar. Çünki xəyanət halları, evə qadın gətirmək rayon yerlərində daha az baş verir. Gəlinə yaxşı həyat vəd edən, onları qaçıranlar da normal adamlar deyil. Onlar ya təkrar evlilik yaşayırlar, ya da psixoloji cəhətdən problemləri var. Əgər bir kişi ailəli bir qadını yoldan çıxarıb ailəsindən evindən, uşağından edirsə o manyakdır, cəmiyyət üçün təhlükəlidir. Çünki həmin adam ikinci, üçüncü dəfə də eyni hadisəni təkrarlayacaq. Axı həmin şəxslər sona kimi həmin qadınları saxlamırlar. Təklif edirəm ki, həmin şəxslər məsuliyyətə cəlb olunsunlar”.

“Kefimdən ərim ola-ola başqasına getməmişəm ki...?”



Evli olduğu halda başqa oğlanla qaçan Aygün (şərti adıdır – red) əməkdaşımızla söhbətində öz əməliyə haqq qazandırıb. O, etdiyi hərəkətin günahını qarşı tərəfdə görür. Qadınların heç vaxt fiziki tələbata, seksə görə başqasına qoşulub qaçmadığını, ona arxa, dayaq olacaq adam axtardığını deyir:

“Mənim kimi bəlkə də onlarla qadın var. Heç kəs bu addımı keyfindən atmır. Ya mənəvi, ya fiziki cəhətdən işgəncələrə məruz qalır, ya da yaşadığı mühit onu qane etmir. Mənim də evi tərk etməyimə səbəb yoldaşımın diqqətsizliyi, mənə mənəvi cəhətdən işgəncə verməsi olub. Rayona gəlin köçmüşəm. Hamı bilir ki rayona gəlin getmək nə deməkdir. Bəlkə də məni hamı qınayacaq. Amma işdən, əziyyətdən çox diqqətsizlikdən evi tərk etmişəm. Mən evdə sanki yemək bişirən, qabyuyan, xörək bişirən kimi gətirmişdilər. Gəlin gələndən heç bir toya, şənliyə getməmişəm. Ərimdən bir dəfə də olsun xoş söz eşitməmişəm. Halbuki, evlənmədən öncə belə deyildi. Mən də bütün bunlardan bezib özümə yeni həyat qurmaq istədim. Heç kim məni qınamasın. Əgər kişi macəra üçün yad qadına qaçırsa, qadın seçim qarşısında qalaraq bu addımı atır”.

“Qəhrəmanımız” deyir ki, çox vaxt evli qadınların kişi ilə qaçmasını qınağa çevirilər. Hamı məsləhət görür, qınayır. “Niyə qaçırlar, əri qadını qane etmirsə, boşansın”-deyirlər. Amma bilmirlər ki, bunun da öz səbəbləri olur:

“Filankəsin qızısan boşansan el nə deyər? Atanın, ananın boşanacağı halda evə gəlmə kimi kəlimələri qadınlara başqa carə buraxmır. O qədər cana doyursan ki, ata, ana,el qınağı, uşaq gözüvə görünmür. Sonu da belə olur”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti