Qənirə Paşayeva Xanım Qafarovanın anasının müraciətinə cavab verdi

Qənirə Paşayeva Xanım Qafarovanın anasının müraciətinə cavab verdi
  03 Yanvar 2015    Oxunub:4632
Millət vəkili Qənirə Paşayeva mərhum aktrisa Xanım Qafarovanın anasının AzVision.az saytına açıqlamasında dediklərinə münasibət bildirib.

- Bir az əvvəl mətbuatda Xanım Qafarovanın ailəsi adından mətbuat vasitəsi ilə deputatlara müraciəti görəndə çox təccüblənməklə yanaşı, çox üzüldüm. Çünki Xanım Qafarovanın ailəsini heç bir ay yoxdur ki, ziyarət edib anasına təkrar telefon nomrələrimi verib, `probleminiz olsa mənə zəng edin, mesaj yazın` söyləmişdim. – deyə millət vəkili bildirib.

Onun sözlərinə görə, hətta aktrisanın anası telefondan yaxşı başı çıxmadığını deyəndə, digər qızından olan qız nəvəsinə işarə ilə `nəvəniz böyük qızdır, ona deyin, o zəng etsin, mesaj yazsın` söyləyib.

- Biz az öncə mətbuatda yazını görəndə xaricdə səfərdə olsam da, Xanım Qafarovanın anasına zəng etdim və dedim ki, əgər xəstəliklə bağlı problemi varsa, nə üçün mənə müraciət, zəng etməyib. Deputatlara mətbuat vasitəsi ilə müraciətdənsə, zəng etmək daha tez olardı. Dedi `utandım zəng etməyə, dedim bəlkə sağalaram`. Nə isə... Səhiyyə nazirliyi ilə danışdım, sağ olsunlar, dedilər ki, Xanım Qafarovanın anasını xəstəxana şəraitində yüksək səviyyədə müalicə olunmasına şərait yaradacaqlar. Xalaya da dedim, köməkçim bazar ertəsi onu xəstəxanaya aparacaq və inşallah, səhhətində nə problemlər varsa, həllini tapar. Bundan başqa, xahiş edir ki, ona heç olmasa həftədə bir dəfə kömək edən bir nəfər olsa, yaxşı olar, o biri qızından olan nəvəsi, yaxınları, qohumları yetərincə edə bilmirlər. İnşallah, bazar ertəsi cənab nazirimiz Səlim Müslümovdan ailəyə kömək edilə bilməsinin mümkünlüyü ilə bağlı xahiş edəcəyəm və inanıram ki, Səlim müəllim yardımçı olmağa çalışar.

Qənirə Paşayevanın sözlərinə görə, Xanım Qafarovanın anasında şəxsən onun telefon nömrəsi var və inanır ki, bundan sonra mətbuatdan öncə ona zəng etməyə utanmayacaq: `Və biz də əlimizdən gələn kömək olarsa, əsirgəmərik. Bir daha qeyd edim ki, Xanım Qafarovanın müalicə xərclərindən başlamış, dəfn, yas xərclərinin hamısı hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən edilib və zaman-zaman ailəyə baş çəkilərək, müəyyən dəstəklər göstərilir. Ailənin Xanım Qafarovanın qızının daha yaxşı məktəbə dəyişilməsi məsələsi də müsbət həllini tapıb və gələn dərs ilində evlərinə yaxın istədikləri dövlət məktəbində təhsilini davam etdirə bilməsində heç bir problem yoxdur. İnşallah, atası və yaxınları da qızın məktəbə aparılıb-gətirilməsinə dəstək olarlar`.

AzVision.az


Teqlər:  





Xəbər lenti