Atalıq missiyası

Atalıq missiyası
  10 May 2013    Oxunub:2147

Vüsal Məmmədov

Ərazi və ya torpaq hələ özlüyündə Dövlət olmadığı kimi, kütlə də hələ Xalq deyil. Ərazini dövlətə, kütləni xalqa çevirmək üçün bir sehrli ünsür lazımdır – lider.


Təsəvvür edin, tarixi məqam yetişib, coğrafi ərazi də var, o ərazidə yaşayan insanlar da; amma əgər lider yoxdursa, onlar birləşib dövlət əmələ gətirməyəcəklər.
Dövləti ailəyə çox oxşadırlar; ailə atadan başladığı kimi, xalq və dövlət də öz qurucusundan – mənəvi atasından, mili liderindən başlayır. Bu, tarixi missiyadır və bəşər tarixində bu işi görməyi bacaran, liderlər o qədər də çox olmayıb. Bunu bacaranlar isə haqlı olaraq yaratdıqları dövlətin və xalqın mənəvi atası, milli lideri sayılırlar.

Bunlardan ikincisi – yəni xalqı yaratmaq daha çətindir. Çünki dövləti bəlkə də əraziyə sərhəd çəkməklə yaradarsan, amma xalq –insanlara sənəd verməklə yaranmaz, kütləni xalqa çevirmək üçün onun ruhunu oyatmaq lazımdır. Oyatmaq üçün o ruhu duymalısan. Milli liderlər xalqa kimliyini tanıtdırır, gələcəyini nişan verirlər. Milli lideri olmayan xalqlar atasız ailə kimidirlər – pərən-pərən, özgə qapılarda...

Heydər Əliyev Azərbaycan əhalisini sanki böyüdüb, yetkin xalqa çevirdi. 90-cı illərin əvvəllərində hələ xalq kimi tam formalaşmayan Azərbaycan cəmiyyəti müstəqil yaşamaq istəsə də, buna hazır olmayan yeniyetməni xatırladırdı. Necə ki, ata övladını böyüdüb, bu qəliz həyatda yaşamağa hazır hala gətirir, dünyanın gerçək üzlərini ona başa salır, Heydər Əliyev də Azərbaycan xalqını yetişdirib, çox çətin və mürəkkəb bir məkan olan müasir dünyada yaşaya biləcək hala gətirdi. Əlindən tutub, dünyaya apardı, “bax, mənim xalqım, dünya əslində belədir”,- dedi. Açıq etiraf edək: biz xalq olaraq onda hələ dünyanı tanımırdıq...

Yəni bu xalq onun tərbiyəsilə böyüdü, dünyanı onun ağlıyla, onun öyrətdiyi kimi gördü. Atalıq elə bu deməkdir.

Azərbaycan xalqı Heydər Əliyevi həmişə ucada görüb, bilikli, peşəkar, ustad hesab edib. Uşaq öz atasını hamıdan güclü bildiyi kimi, biz də Heydər Əliyevi o cür görür, elə tanıyırdıq...

Bütün bunlar o deməkdir ki, əgər tarix Heydər Əliyevi yetişdirməsə, Azərbaycan xalıqı dünya meydanında yetim qalacaqdı. Və heç vaxt indiki kimi böyüyüb, özünə güvənən xalq olmayacaqdı. Necə ki, ata sevgisi və qayğısıyla böyüyən insanlar hətta atalarını itirəndən sonra da ondan aldıqları enerjinin gücü ilə yaşayıb, inkişaf edirlər, Azərbaycan xalqı hələ də mənəvi atasının – mili liderinin ona ötürdüyü enerjilə qidalanır, inkişaf edir.
Və əksinə, necə ki çiynində heç vaxt ata əli hiss etməyən insanlar böyüyəndə hətta hər şeyləri olsa belə, əzgin, mağmın olur, nəyinsə çatışmadığını hiss edirlər, milli liderləri olmayan xalqlar həmişə o cür olur.

Və burada mütləq deməliyik ki, heç də hər böyük dövlət xadiminin, sərkərdənin, diplomatın milli lider olması mümkün deyil. Mili liderlik bir fenomendir. Xalqı idarə etməyi bacarmaq bir şeydir, xalqı öz ailən kimi duyub hiss etmək, eyni zamanda həm onlardan biri olub, həm də onlardan ucada durmaq, xalqın üstündə mənəvi təsiri olmaq, özünü xalqınla eyni varlıq hiss etmək - bir sözlə, atalıq etmək,- tamam ayrı şey.

İnsan siyasətçi kimi, hərbçi kimi yetişə bilər, amma hər siyasətçi ona inananlara, hər sərkərdə əsgərinə atalıq hissi bəsləyə bilməz. Liderlərin milli liderdən fərqli budur. Yəni liderlər özləri yetişə bilərlər, amma Mili Lideri zaman və Ali Qüvvə yetişdirir. Liderlik - karyeradır, Mili Liderlik – taledir. Var dövlət xadimi Heydər Əliyev, var general Heydər Əliyev, bir də var yaranışından bir tale olan Heydər Əliyev. Heydər Əliyevi milli liderlik zirvəsinə qaldıran nə onun savadı, nə siyasi karyerası, nə rütbəsi deyildi, onun seçilmiş bir insan olması, xalqına mənəvi atalıq etmək üçün dünyaya gəlməsi idi. Azərbaycan və Heydər Əliyev – bu ikisi bir taledir.

Adətən atanın adı həmişə ailənin, nəslin üstündə qalır, davam edir, yaşayır. Heydər Əliyevin adı, şəxsiyəti, enerjisi və ruhu həmişə Azərbaycan xalqının üzərində olacaq. Sanki “azərbaycanlı” sözü elə həm də Heydər Əliyevin soyadıdır, biz də bu soyadın daşıyıcıları.



Teqlər:  





Xəbər lenti