Qələbənin azərbaycanlı qəhrəmanları

Qələbənin azərbaycanlı qəhrəmanları
  09 May 2013    Oxunub:20795
Bu gün İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 68 il keçir.
Qələbədə Azərbaycan neft və azərbaycanlıların xidməti danılmazdır. Bu qanlı müharibədə 660 mindən çox azərbaycanlı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Bu gün gənc nəsil onları - İkinci Dünya Müharibəsi qəhrəmanlarını tanımasa da unutmayaq ki, keçən illərə, əsrlərə baxmayaraq qəhərmanlar həmişə qəhrəmandırlar...

İsrafil Məmmədov - Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülən ilk azərbaycanlı.

Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirib. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Həzi Aslanov - 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən azərbaycanlı general-mayor.

1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirib, düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb.

1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib. Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olub.

Qafur Məmmədov və İdris Süleymanov - Şimali Qafqaz uğrunda döyüşdə göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüblər.

1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyaya, Triyestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbəri Mehdi Hüseynzadə 1957-ci il aprelin 11-də ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Faşizm üzərində qələbədə bütün qoşun növləri ilə yanaşı, aviasiyanın da özünəməxsus rolu olub. Azərbaycanın ilk qadın təyyarəçilərindən biri də Züleyxa Seyidməmmədova İkinci Dünya müharibəsi illərində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub, 500-dən artıq döyüş uçuşu keçirib.

Züleyxa Seyidməmmədova göstərdiyi misilsiz xidmətlərinə görə Lenin ordeni, 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordenləri və bir çox medallarla təltif edilib. O, 1946-1952-cı illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışıb, 1952-1975-ci illərdə Azərbaycan SSR-in İctimai təminat naziri olub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti