Xüsusi xidmətlərin müdhiş sirri: dili necə `açırlar`

Xüsusi xidmətlərin müdhiş sirri: dili necə `açırlar`
  02 Dekabr 2014    Oxunub:20991
Bütün xüsusi xidmətlər insanlardan lazım olan informasiyaları ala bilmək üçün “həqiqət dərmanları” adlanan kimyəvi preparatlardan istifadə edirlər. Vaxtilə bu məqsədlə skopolamin, pentotal, hətta LSD kimi psixotrop maddələr tətbiq olunub. Onların bəziləri indi də işlədilir.

Amma hazırda yeni və son dərəcə effektiv “həqiqət dərmanları” var ki, onların kimyəvi tərkibi çox ciddi sirr kimi qorunur.

Bir qədər əvvəl KQB-nin əks-kəşfiyyat xidmətinin keçmiş əməkdaşı İqor Atamenenko “AiF”-ə müsahibəsində bildirmişdi ki, “həqiqət dərmanı” şərab qədəhində insana verilərsə, ondan bütün sirləri almaq mümkündür. Çünki həmin maddələr şərabla qarışanda beynin bütün tormozlayıcı mərkəzlərinin işi dayanır və insanın “dili açılır”: o, istənilən suala doğru cavab verir.

Fransa xüsusi xidmətinin keçirdiyi məşhur bir əməliyyat məhz bu metodun sayəsində uğurlu olmuşdu. 1978-ci ildə Bulon meşəsində kəsilmiş insan barmaqları, ayaqları və sümükləri ilə dolu çamodan tapılır. Araşdırma üzə çıxarır ki, onun “sahibi” Mərkəzi Afrika diktatoru Bokassanın Sorbonna Universitetində oxuyan oğlu Antuan Jan-Bedel Bokassadır. Onun Parisdəki mənzilində aparılan gizli araşdırmalar şok yaradır: kəsilmiş qadın döşləri, insan əzaları ilə dolu iki soyuducu tapılır. Onların çoxu Fransa şou-biznesinin ulduzlarına məxsus idi.

Diktatorun diplomatik toxunulmazlığı olan oğlunu istintaqa cəlb etmək üçün əvvəlcə belə bir şayiə buraxılır ki, Sorbonnada xəstəlik yayılıb və bütün tələbələr məcburi müayinədən keçməlidirlər. Müayinə vaxtı o, hipnoza salınır və şərab ilə birlikdə “həqiqət dərmanı” içirdilir. Bundan sonra kannibal qadınları necə zorlayıb, öldürdüyünü danışmağa başlayır. Onu da bildirir ki, bunu atasından öyrənib.

Qeyd edək ki, diktator Bokassa SSRİ-nin birinci katibi Leonid İliç Brejnevlə öpüşünə görə də məşhurdur. Həmin öpüşdən sonra Bokassa Brejnevin haqqında “Onu nə yeyərdim...” deyə zarafat etmişdi. Bu, heç də zarafat deyilmiş...

“Həqiqət dərmanı” metodunu CİA da geniş işlədir. Amerikalılar KQB əməkdaşı Yuri Nosenkonu oğurlayaraq, bu yolla onun dilini açmış və xeyli sirləri əldə edə bilmişdilər.

Hazırda bütün xüsusi xidmətlər öz əməkdaşlarını “həqiqət dərmanları”na qarşı dirəniş göstərməyə öyrədirlər. Amma yalnız dəmir iradəsi və çox peşəkar hazırlığı olan insanlar buna müqavimət göstərməyə qadirdirlər, o da bir şəkildə ki, qoyulan suala cavab verəndə ayrı mövzulardan danışsınlar. Sualın mövzusu üzrə danışanda yalan demək mümkün olmur.

Son vaxtlarda Rusiyada bu məsələ tez-tez gündəmə gəlir: “Bolotnı” iğtişaşını təşkil etməkdə təqsirli bilinən müxalifət fəalı L.Razvozjayev FTX-ni ona “həqiqət dərmanı” verməkdə ittiham etmişdi.

Bəzi iddiala görə, Maydan hadisələri zamanı Vitali Kliçko sadə insanlarla təması zamanı Ukrayna şəhərlərini zorla tutmaq planlarını açıb danışanda da FTX-nın ona içirdiyi “həqiqət dərmanı”nın təsiri altında imiş...

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti