“Prezidentin verdiyi evdə acılarımı unuduram”- RƏMİŞ

“Prezidentin verdiyi evdə acılarımı unuduram”- RƏMİŞ
  13 Noyabr 2014    Oxunub:6799
Bu gün Azərbaycanın məşhur gitara ifaçısı, əməkdar artist, xalq arasında Rəmiş kimi tanınan Rafiq Hüseynovun 70 yaşı tamam olur.
AzVision.az musiqiçini təbrik edib və doğum günü münasibəti ilə kiçik müsahibə alıb.

- Rəmiş müəllim, doğum gününüzü təbrik edirəm.Allah sizə can sağlığı versin.

-Çox sağ ol, ay qızım, arzularınıza çatasınız. Gün o gün olsun, siz də gəlib bu yaşa çatasınız və 70 yaşda əzizlərinizi görəsiniz .

70 yaş az yaş deyil, götürsək bir igidin ömrüdür. Rəmiş müəllim üçün 70 illik ömür çətin keçmədi ki?

-Hər bir insanın yaşayışında çətinlik olur. Hamı kimi Rəmişin də həyatında eniş- yoxuş olub.

Bu günki günümüzə şükür, hər şey yaxşıdır. Hər şey gözəldir. Prezidentin bağışladığı 120 metrlik evdə bütün ağrı-acılarımı unuduram, dincəlirəm, özüm üçün yaşayıram.

Sadəcə olaraq mənə nə Xalq artisti adı verilir, nə də ki prezident təqaüdü . Allahın köməkliyi ilə o da olar.

Deyirlər ki, yaş kişinin var -dövlətidir. 70 yaşı Rəmiş müəllim özü üçün var dövlət hesab edirmi?



- Heç bir insan ölmək istəmir axı, hamı istəyir ki , 100 yaşı da olsa hələ yaşasın. Həyatı görsün. Yaşamaq, ömür sürməyin özü var- dövlətdir.

Rəmiş müəllimin yadında ən çox hansı doğum günü qalıb?

- Elə anadan olduğum gün (gülür).

- Bundan sonra neçə il yaşamaq istəyərdiniz?

- O, Allahın işidir, Allahın işinə heç kim qarışa bilməz. O hansı günü mələk Cəbrayılı göndərsə hamımız onun hüzurunda o zaman olacağıq.

- Kamança ustamız Habil Əliyevdən bir dəfə müsahibə alarkən soruşdum ki, Habil müəllimin ürəyinin sarı simini nə tərpədə bilər?

“Dünyada qəşəng arvaddan daha yaxşı nə isə var?”- deyə cavab verdi. Bəs Rəmiş müəllimin müəllimin ürəyinin sarı simini nə tərpədə bilər?




- Düz deyir, Habil müəllim, kişisinə sadiq qalan arvaddan bu dünyada daha yaxşı nə ola bilər ki?!

- Bu gün ad günü məclisi keçirəcəksinizmi?

-Anam rəhmətə gedib , 40-ı çıxmayıb hələ, ona görə də ad günü məclisi olmayacaq.

Sizə də təşəkkür edirəm. Çox sağ olun ki, Rəmişi yad etdiniz . Allah sizə ömür versin, qələminiz qız;ldan, briliyantdan olsun.

Gülü çox vaxt məni jurnalistlərə müsahibə verməyə qoymur. Neçə dəfə müsahibə vermişəm, qalmaqal yaranıb, deyiblər ki, onu-bunu niyə belə dedin və s. Çünki mən sözün düzünü deyirəm , bəzi adamların da xoşuna gəlmir. Ona görə də həmişə zarafatla deyir “qardaş dur sən bir qıraqda, mən nə lazımdırsa jurnalistlərin suallarına sənin adından özüm cavab verəcəm, sən otur yerində”(Gülür).



Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti