Gül satan əlilin həyat hekayəsi... Reportaj (VİDEO)

Gül satan əlilin həyat hekayəsi...  Reportaj (VİDEO)
  31 Oktyabr 2014    Oxunub:10609
“Yaşamaqdan bezdim”, “Allah canımı almır ki, qurtarsın ”, “Canım daha boğazımdadır”, “Həyatımı dondurmaq istəyirəm”, ”Mən yaşamaqdan doymuşam”...

Ailə, məişət, şəxsi qayğılardan yorulduğumuz, bezdiyimiz an bir çoxumuzun ən çox işlətdiyi sözlər təxminən belə olur. ..

Amma həyat bizi bəzən elə hadisələrlə, elə insanlarla qarşılaşdırır ki, işlətdiyimiz ifadələrdən bəlkə də utanırıq. Dediyimiz sözlərin nə qədər yalnış olduğunu bir dəqiqə, bir gün, bir ay, bəzən isə illər sonra anlayırsan...

Bu dəfəki qəhrəmanımız Mirzəbala dayının həyatı ilə tanış olan, onun gözlərindəki uşaq tək yaşamaq yanğısını, həvəsini görən az kəs ola bilər ki, dediklərimlə razılaşmasın.

Mirzəbala Əkbərovun 61 yaşı var, birinci qrup əlildir, əl ağacının köməkliyi ilə çox çətinliklə, iki qat əyilərək yeriyir. Amma həyatsevərliyi, ürəyindəki var olmaq, yaşamaq istəyi onu həyatdan küsüb bir kənara çəkilməyə qoymayıb...

Müsahibim Qubada yaşayır. Hər həftənin üçüncü və altıncı günləri Qubadan Sumqayıtda təşkil olunan yarmarkada satmaq üçün özünün əkib- becərdiyi gülləri gətirir...

- Gülçülüyə əlil olandan sonra başlamışam. Uşaqlıqdan ayağımda revmatizm var idi, tədricən vəziyyətim pisləşdi. Ağrılarım yaz- payız aylarında çoxalırdı, sonra altı ay üzü yuxarı yatdım, tərpənə bilmədim. Bundan sonra maddələr mübadiləsi pozuldu, oynaqlarda duz əmələ gəlməyə başladı.
Birinci qrup əliləm. İndi kastel ilə gəzirəm. Əlimdən rəngsazlıq, rəssamlıq, nə desən gəlir, hər işi bacarıram. Sürücü də işləmişəm, əlimdən gəlməyən sənət yoxdur. Gülçülüklə təxminən 15-20 il olar ki, məşğul oluram.

Uşaqlıqdan nənəmin yanında böyümüşəm. İndi öz evim, bağım, bağçam var, hər bir şeyi özüm etmişəm. Ancaq səhhətimə görə heç vaxt ailə qurmamışam. Məktəbdə yaxşı oxusam da ali təhsil ala bilmədim.

Qubada və Sumqayıtda gül satıram. Gülləri bura öz maşınımla gətirirəm. Sağ olsunlar, yaxşı adamların köməkliyi ilə dibçəkləri yarmarkada yerləşdiririk.

Mirzəbala dayı yarmarkaya sırf gül satmaq niyyəti ilə gəlmədiyini deyir.

-Əslində yarmarkaya gəlirə görə gəlmirəm, ona görə burada gül satıram ki, insanlarla söhbət edim, könlüm açılsın, dərdim yadımdan çıxsın. Elə də olur, söhbət edirəm, könlüm şad olur, dərd bəladan başım açılır. Yoxsa evdə oturub qalanda adam dərd, fikir çəkməyə başalyır, dərdinin üstün bir dərddə gəlir.

Müşətərilər məni incitmirlər, Allah canlarını sağ etsin. Bir gün görməyən kimi başlayırlar ki, Mirzə dayı, harada qalmısan? Bu da adama xoş gəlir, görürsən ki, səni də arayıb axtarırlar .Mən onlara mehribanlıqdan başqa heç nə etmirəm. Yaxşı gül-çiçəklə, onlar da məni şirindil ilə qarşılayırlar.

Qiymətləri çox baha etmirəm. Bilirəm ki, mən özüm necə yaşayıramsa, insanlar da elə yaşayır. Ona görə də baha vermək olmaz.

Vətənimiz həmişə güllü çiçəkli olsun. Bundan başqa nə arzu edə bilərəm.



Çəkilişdə göstərdiyi köməyə görə saytımızın yaxın dostu Ləman Bağdadovaya təşəkkür edirik.

Şəhanə Rəhimli
Foto, Video - Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti