Kamilin 42 yaşında qalan Lalası - FOTOLAR

Kamilin 42 yaşında qalan Lalası - FOTOLAR
  02 May 2013    Oxunub:14082
Azərbaycan filmlərinin qeyri-azərbaycanlı qəhrəmanları...
Özbəkistanın ilk sənədli film rejissoru, 42 illik ömrünə onlarla maraqlı obraz və filmləri sığdıran, “Xalq düşməni”nin qızı damğası ilə yaşamağa məhkum Nelli Ataullayeva...


1955-ci ildə ekranlara çıxan, Xalqlar dostluğu silsiləsindən - Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən “Görüş” filmində baş rolun ifaçısı, Özbəkistanın əməkdar artisti, SSRİ Kinomatoqrafçılar İttifaqının üzvü Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib. 1953-cü ildə Daşkənd Teatr İnstitunu bitirib, “Şənlik”, “Görüş”, “Əmirliyin süqutu”, “Aşiqlər” kimi filmlərdə çəkilib kifayət qədər məşhurlaşan Nelli 1956-cı ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna qəbul olub. 1962-ci ildə məzun olan gənc rejissor “Uzkinoxronika” studiyasında çalışmağa başlayıb, 20-dən çox sənədli filmə imza atıb.

Yaşlı nəsil rejissorları ilə “mübarizələr” zamanı ruhdan düşməyən Nelli Ataullayeva həmişə istədiyi kimi yaşayıb. “Əgər sevirdisə hər şəyə rəğmən sevirdi, film çəkirdisə bu filmə yalnız fiziki zəhmət deyil ürəyini də qoyurdu. Bir dəfə mənimlə söhbət zamanı Nelli dedi ki, özünü heç cür yaşlı təsəvvür edə bilmir. Cavan və gözəl ölmək istəyir”, - deyə həmkarı və dostu Əli Xamrayev xatırlayır.

Son kursda Nelli moskvalı rejissor, gənc Vladimir Dyaçenko ilə ailə qursa da Vladimirin kübar ailəsi həmişə bu “qeyri-bərabər” nikaha qarşı çıxıb. Cütlük kirayə mənzil tutur, Nelli körpəsini dünyaya gətirməyə hazırlaşır, gənc Volodya isə hələ ata olmağa hazır olmadığını deyir. Gənc aktrisa anası və bacılarının yanına köçür, 1963-cü ilin payızında oğlu Nikita doğulur. Oğlunu görmək üçün Daşkəndə gələn Dyaçenko sonralar Nellini dəfələrlə Moskvaya dəvət etsə də gənc qadın oğlu və işi ilə birlikdə Özbəkistanda qalır.

Nellinin ilk sənədli filmi olan “Rəfiqələr” fərqli peşə sahibəsi olan qadınlardan bəhs edir. Daha sonra Ataullayeva psixoloji portret janrına müraciət edir və özünün ən yaddaqalan “ Nukusdan olan müəllim” və “Daşkənddə bir qız yaşayır” filmlərinə imza atır.

İnsanı valeh edən “Hollivud gülüşü” ilə qayğısız və xoşbəxt görünən Nelli ömrünün sonuna qədər 30-cu illərin xofu və ata dərdi ilə yaşamağa məhkum olub.

Moskvada Maarfçilik İnstitunun bitirən, uzun illər yüksək vəzifələrdə çalışan Xeyrulla Ataullayev 1938-ci ilin aprelində vəzifədən uzaqlaşdırılıb. Bacısı Rəna Ataullayevanın xatirələrində yazdığı kimi iyulun 27-də həyətlərinə gələn qara maşın atalarını onlardan həmişəlik ayırıb. “...Bir qədər sonra anam bizi evə çağırdı. Ev yerlə yeksan edilmiş, bütün əşyalar, kitablar dağıdılmışdı. Uşaqlıq yaddaşımda yaşadığım qorxu və heyrət hələ də qalıb. Atam məni və Nellini qucaqladı “Tezliklə qayıdacam” dedi. Bu onun son sözləri oldu... 6 ay sonra balaca bacım doğuldu, atamın arzusu ilə onun adını Gülçöhrə qoyduq. Anam olduqca çətin günlər yaşadı... Müharibə illəri, üç uşaq və ehtiyac...”

İxtisasaca pedaqoq olan Zöhrə Ataullayeva uzun illər ünvanladığı və cavabsız qalan məktublarına yalnız 1957-ci ildə cavab alır. Xeyrulla Ataullayev 1938-ci ilin oktyabrında güllələnir, 1957-ci ilin iyununda isə bəraət alır... Nəhayət ki, Ataullayevlər ailəsi “xalq düşməni” damğasından xilas olur.

Anası Nellini aktrisa olmaq istəyini heyrətlə qarşılasa da bu istəyə qarşı çıxmır. 1969-cu ildə rejissor İşməhəmmədov Nellinin “Aşiqlər” filminə dəvət edir. Filmdə yaratdığı mehriban ana obrazı Ataullayevanı 70-ci illərin ideal ana və qadın obrazına çevirir. Dünya ekranlarını gəzən filmin uğuru Nellinin şəxsi həyatına da öz təsirini göstərir. 1970-ci ildə aktrisa “Kinoxronika” jurnalının redaktoru Slava Yeremenkovla ailə həyatı qurur. Slava ilə Nellini sevgi, gənclik və işləmək eşqi birləşdirir... Nikita da Slavanı asanlıqla qəbul edir, Nelli nəhayət xoşbəxt olduğuna inanır...

1974-cü ilin mayında Nelli növbəti sənədli filmin çəkilişləri üçün Buxaraya yollanır. Gərgin və yorucu çəkilişlərdən sonra Nelli bərk xəstələnir, yüksək hərarət və öskürəkdən qurtula bilmir. Həkim bacısı Rənanın təkidi ilə həkimə gedən gənc Nellidə ağciyər xərçəngi aşkarlanır.

Öz istəyi ilə Moskvaya aparılan Nelliyə kömək etmək mümkün olmur... Xəstəlik qarşısında aciz qalan Ataullayevlər ölkəyə qayıdır, Daşkənd hava limanında Nellini dostları, həmkarlarından ibarət izdiham qarşılayır.

“Nellinin son illər Nikita və anamla birlikdə yaşadığı Jukovski küçəsi ilə irəliləyərkən Nelli yola, evə və küçəyə diqqətlə baxdı... Bizi bərk-bərk qucaqladı və qəmgin səslə “Mən bu küçə ilə sonuncu dəfə gedirəm” dedi...”

1974-cü il iyulun 27-si axşam saatlarında Nelli Ataullayevanın 42 illik ömür yolu qırıldı. Dərindən ah çəkən Nellinin son sözü “Ata” olur.

Anasının ölümündən sonra bir müddət nənəsi Zöhrə ilə yaşayan Nikita bir müddət sonra atasının yanına, Moskvaya yollanıb. Şəxsiyyət vəsiqəsini alan Nikita öz təkidi ilə anasının soyadını götürüb. Hazırda Nikita Vladimiroviç Ataullayev Moskvada yaşayır, uğurlu biznesmenlərdəndir. Həyat yoldaşı Yelena, qızları Alina, Alyona və oğlu Alen də Ataullayev soyadını daşıyırlar.

Leyla

Qalereya




Teqlər:  





Xəbər lenti