Ramiz Əzizbəyli Almaniyaya aparılacaq

Ramiz Əzizbəyli Almaniyaya aparılacaq
  03 Oktyabr 2014    Oxunub:1909
Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində yaxşılığa doğru dəyişiklik olsa da, aktyor hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir.
AzVision.az xəbər verir ki, bu barədə publika.az-a xalq artistinin xanımı Zümrüd Əzizbəyli məlumat verib:

“Ramizin vəziyyəti kritik olmasa da, hələ də səhhətində problem qalır. Sağ əli, demək olar ki, işləmir, çətin yeridiyi üçün əsa ilə gəzir. Nitqində, yaddaşında problemlər hələ də qalır. Buna görə də kənar adamlarla, elə jurnalistlərlə də danışmağa icazə vermirik. Sağalsın, bütün problemləri aradan qalxsın, danışarsınız. Bəzən çox şeyi yadından çıxarır. Tək qoymuruq, bəzən dostları maşınla gəlib onu qonaq aparır, özümüz də qoluna girib ara-sıra həyətdə gəzdiririk. Ağır insult xəstəsidir”.

Zümrüd xanım onu da bildirib ki, aktyorun müalicəsi ev şəraitində davam edir. Mütəmadi dərman qəbul edən xalq artistinin Almaniyada müalicə olunacağı da gözlənilir. Amma həkim müayinəsindən sonra bu, mümkün ola bilər: “Həkimlər insult xəstəliyinin uzunmüddətli müalicə tələb etdiyini deyirlər. Yaxın vaxtlarda onu yenidən müayinə edəcəklər, əgər məsləhət olsa, Almaniyaya aparacağıq. Səfər baş tutsa, oradakı müayinə və müalicənin pulu dövlət hesabına ödəniləcək. Yox, əgər məsləhət olmasa, yəni orada da sağalacağı ehtimal olunmasa, Almaniyaya aparmağın nə mənası? Görək də necə olur, elə gözümüz üstündədir”.

Xalq artistinin xanımı sənətkarın kino işi üçün darıxdığını və hətta buna görə xiffət çəkdiyini də bildirib: “Ramiz işə gedə bilmədiyindən çox darıxır, xiffət edir. Hətta buna görə gözləri də dolur. Hərəmiz bir tərəfdən onu sakitləşdirməyə çalışırıq. Deyirik ki, şükür Allaha, əlin işləməsə də, səhhətin düzəlməsə də, əsas odur yaşayırsan, nəfəs alırsan. Neyləməli, taleyin qisməti ilə barışmaq məcburiyyətindəyik”.


Teqlər:  





Xəbər lenti