Bədən kütləsi İndeksi nədir və ona inanmaq lazımdırmı?

   Bədən kütləsi İndeksi nədir və ona    inanmaq lazımdırmı?
  25 İyul 2026    Oxunub:555
İnsanın artıq çəkisinin olub-olmamasını müəyyən etməyin yollarından biri Bədən Kütləsi İndeksinin (BMI, Body Mass Index, Quetelet index) hesablanmasıdır. BMI çəkinin boyun kvadratına nisbətidir; yəni sadə düsturla göstərəsi olsaq, BMI = çəki (kq) / boy² (m).
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 20 yaşdan yuxarı insanlar üçün aşağıdakı BMI hədəflərini müəyyən edib:
Bətən kütləsinin azlığı: 18,5-dən az
Norma: 18.5–24.9
Piylənmə ərəfəsi: 25-29,9
I dərəcəli piylənmə: 30-34,9
II dərəcə piylənmə: 35-39,9
III dərəcəli piylənmə: 40-dan yuxarı.

Bədən kütlə indeksini bilmək nəyə lazımdır?

Artıq çəki 2-ci tip diabet, koronar ürək xəstəliyi, süd vəzi, uşaqlıq yolu, prostat vəzi, böyrək və öd kisəsi xərçəngi riskini artırır. Artıq çəki bir il ərzində qlobal miqyasda 2,8 milyon insanın ölümünə və 35,8 milyon əlilliyə səbəb olub.

ÜST hesab edir ki, sağlam olmaq üçün hər bir insan 18,5-24,9 indeksini hədəfləməlidir. Xəstəlik riski 25 ilə 29,9 arasında artır, 30-dan sonra isə əhəmiyyətli dərəcədə çoxalır.

Bunu hesablamaq fikri kimin ağlına gəlib?

Düsturu 1832-ci ildə belçikalı astronom, riyaziyyatçı və statistik Adolf Quetelet hazırlayıb. Ancaq 140 il sonra fizioloq və piylənmə mütəxəssisi Ansel Casenin araşdırmasından sonra tanınıb. Casen 5 ölkədən 7400 nəfərin parametrlərini təhlil edib və artıq çəkini müəyyən etmək üçün müxtəlif düsturları tutuşdurub. Məlum olub ki, bütün sadəliyinə baxmayaraq, artıq çəki və piylənməni ən dəqiq proqnozlaşdıran BMI-dir.

O, geniş miqyaslı tədqiqatlar üçün böyük imkanlar açdı. Artıq bədəndəki piyi bahalı və mürəkkəb üsullarla ölçməyə ehtiyac yoxdur: alimlər yüzlərlə insanın, o cümlədən son onilliklərin göstəricilərini sürətlə hesablaya və nəticə çıxara bilərlər. Ancaq bu cür üsullar ayrı-ayrı fərdlər üçün həmişə uyğun deyil. Çünki söhbət sağlamlıqdan gedirsə, ümumi orta rəqəmləri deyil, həqiqi dəyərləri əldə etmək lazımdır.

Nə dərəcədə doğrudur?

BMI-dən tibdə hələ də geniş istifadə edilməsinə baxmayaraq, onun qeyri-dəqiqliyinə dair çoxlu sübut var. Düstur çox sadədir. Əzələli bir idmançının BMİ-si məşq etməmiş insanın indeksi ilə üst-üstə düşə bilər. Onların çəkisi eyni olacaq, lakin piylənmə faizi, görünüş və sağlamlıq riskləri xeyli fərqlidir. 13 min insanın iştirak etdiyi genişmiqyaslı araşdırma bu fikirləri təsdiqləyib. Alimlər bioimpedans analizindən istifadə edərək bədən kütləsi indeksinin ölçüsünü və real piy faizini müqayisə ediblər. BMİ kişilərin 21, qadınların 31% -də, analiz isə kişilərin 50, qadınların 60% -ində piylənmə göstərib. Bədən kütləsi indeksi yarıbayarı səhv edir və artıq çəkidən əziyyət çəkən insanları sakitləşdirir.

Cinsi və yaşı nəzərə almır

Genişmiqyaslı tədqiqatların aparılmasını daha rahat etmək üçün indeksin çərçivəsi universallaşdırılıb. Eyni zamanda, qadınlarda və kişilərdə piy miqdarı orta hesabla 10% fərqlənir, buna görə də, hər iki cins üçün eyni ölçülərdən istifadə etmək yanlışdır.
Bundan əlavə, bədəndə əzələ və piy toxumasının nisbətləri dəyişir. Yaşla maddələr mübadiləsi yavaşlayır, əzələ toxumasının parçalanması və yağın çökməsi başlayır. Düzgün nəticə əldə etmək üçün insanın həm cinsini, həm də yaşını nəzərə almaq lazımdır.

İndeks balacaboy insanları olduqlarından daha arıq göstərir, ucaboyluları isə daha kök olduqlarına inandırır. Hazırda daha düzgün nəticələr verəcək yeni hesablama metodu təklif olunur:

BMI=1,3 * çəki (kq) / boy 2,5 (m)

Alternativlər varmı?


BMİ bir qayda olaraq sağlamlıq risklərini müəyyən etmək üçün nəzərdə tutulur. Ancaq bəzi tədqiqatçılar hesab edirlər ki, bunun üçün belətrafı ölçülər və ya bel-omba nisbəti daha uyğundur. Məsələ burasındadır ki, qaraciyər və digər daxili orqanlar ətrafındakı piylər (onlara visseral piylər də deyilir) daha təhlükəli hesab olunur. Onlar yüksək metabolik aktivliyə malikdirlər: qanda aşağı sıxlıqlı xolesterin, qlükoza və triqliseridlərin səviyyəsini, qan təzyiqini artıran yağ turşuları, iltihabi agentlər və hormonlar istehsal edirlər.

44 min qadının iştirak etdiyi araşdırma, belətrafı ilə müxtəlif xəstəliklər arasında aydın əlaqə olduğunu göstərdi. BMİ-si normal diapazonda, lakin belətrafı ölçüsü 89 sm-dən çox olan qızların ürək xəstəliyindən ölmə ehtimalının digərlərinə nisbətən üç dəfə çox olduğu üzə çıxdı. Artıq qarın piyi BMİ-dən asılı olmayaraq ölüm riskini artırır.

Beynəlxalq Diabet Təşkilatı bel ətrafını qadınlarda 80 sm-ə, kişilərdə isə 94 sm-ə qədər sağlam hesab edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu səviyyədən yuxarı olan göstəricilər ürək-damar xəstəlikləri, 2-ci tip diabet, metabolik sindrom və hipertoniya riskini artırır. Qadınlar üçün 88, kişilər üçün isə 102 sm-dən başlayaraq daha riskli olur.


Teqlər: Sağlamlıq   Çəki  






Xəbər lenti