Azərbaycanlı bəstəkar beynəlxalq heyətə sədrlik edib

Azərbaycanlı bəstəkar beynəlxalq heyətə sədrlik edib
  25 Sentyabr 2014    Oxunub:1770
Bu günlərdə Rusiyanın şimal paytaxtı sayılan Sankt- Peterburq şəhərində bəstəkarların VIII Beynəlxalq Müsabiqəsi başa çatıb.

Sentyabrın 19-da Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti baş tutub. Azərbaycan musiqi ictimaiyyəti üçün bu müsabiqənin əlamətdarlığının başlıca səbəbi müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoliy Korolyov, Valeriy Platonov, Aleksandr Popov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etməsidir.

Öz yaradıcılığı boyu bir çox «ilk»lərə imza atmış Firəngiz Əlizadəyə belə bir möhtəşəm layihədə bu cür etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür. Çünki belə məşhur, beynəlxalq miqyaslı müsabiqənin Münsiflər Heyətinə azərbaycanlı bəstəkarın rəhbərlik etməsi ilk hadisədir.

Bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulmuş, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiyanın o cümlədən Belorusiya, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən simfonik orkestr üçün nəzərdə tutulmuş 187 əsər təqdim olunub ki, bunlardan 140-ı ikinci mərhələyə, 6-ı isə final mərhələsinə vəsiqə qazanıb. Bu rəqəmlər və adları sadalanan ölkələr müsabiqənin dünya musiqi ictimaiyyəti arasında populyarlığının göstəricisidir.

Senyabrın 19-da Rusiyanın məşhur dirijoru Andrey Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında finala vəsiqə qazanan 6 iştirakçının əsərləri dinlənilib.
Firəngiz xanımın sədrlik etdiyi Münsiflər Heyəti həmin əsərlərin arasından final mərhələsində iştirak şansı qazanan 6 qalibi müəyyən edib. Belə ki, yekun rəyə görə, Sankt-Peterburqdan olan bəstəkar İqor Druxun «Betelqeyze» əsəri 1-ci yerə, İsveçli bəstəkar Katarina Leymonun "Buludların Kralı" əsəri 2-ci yerə, Kanadadan Nurulla Xocanın saksofon və orkestr üçün bəstələnmiş «Konsert»i isə 3-cü yerə layiq görülüb.

Bundan başqa, daha üç iştirakçı - Tatarıstan təmsilçisi Elmir Nizamov, Moskva təmsilçisi Alina Podzorova və Sankt Peterburqlu Artur Vabel müsabiqənin diplomları ilə təltif ediliblər.


Teqlər:





Xəbər lenti