Bu küçə nələr görməyib... – ARAŞDIRMA, FOTOLAR

Bu küçə nələr görməyib... – ARAŞDIRMA, FOTOLAR
  29 Aprel 2013    Oxunub:11581
Müsəllim Həsənov

İndiki İstiqlaliyyət küçəsi uzun illər Bakının baş küçəsi sayılıb. Baş küçə sayılmasını o fakt da sübut edir ki, bu küçə çar Rusiyası dövründə imperator I Nikolayın şərəfinə Nikolayevsk, Azərbaycan Xalq Cumhuriyyəti dövründə Parlaman, bolşeviklərin 70 illik hakimiyyəti illərində isə Kommunist küçəsi adlandırılıb. Məlum olduğu kimi sovet dönəmində ən önəmli küçələr ya V.Leninin adını daşıyır, ya da “Kommunist” adlanırdı...


Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri köhnə “Kommunist” İstiqlaliyyət küçəsi kimi tanınır.
Necə adlandırılmağından asılı olmayaraq, bu küçə çox hadisələrə şahidlik eləyib.

Bu küçədə nələr olub?

1806-cı ildə Rusiyanın Qafqazdakı canişini, general Sisianov bu ərazidə - Qoşa qala qapısının yaxınlığında qətlə yetirilib.

XX əsrin əvvəllərində Bakının əsas inzibati-ictimai idarələri bu küçədə yerləşib.

1918-ci ilin martında silahlı erməni daşnakları müsəlmanları daha çox bu küçədə qətlə yetiriblər. Həmin hadisələrin şahidi Kazım Ələsgər oğlu Axundovun sonradan istintaqa verdiyi şahid ifadəsində belə bir cümlə də var: «Martın 25-də mən Nikolayevsk küçəsində meyitlərin yığılması ilə məşğul idim…»

Türk qoşunları Bakını daşnaklardan azad etmək üçün gələndə məşhur Nuru paşa bu küçədə yaşayıb.

Xalq Cümhuriyyəti dövründə Azərbaycan parlamenti ilk iclasını bu küçədəki binalardan birində - indiki Əlyazmalar İnstitutunun binasında keçirib.

Azərbaycanda ilk heykəl – Mirzə Ələkbər Sabirin heykəli bu küçədə qoyulub.

Sovet hakimiyyətinin ilk illərində əsas dövlət qurumları burada fəaliyyət göstərib.

Bu küçənin salınması isə Bakının böyüməsi, inkişafı ilə bağlı olub.
Bakının İçərişəhər hüdudlarından kənara çıxması XIX əsrin ikinci yarısına təsadüf eləyir. 1859-cu ildən Bakı quberniya mərkəzinə çevrilir və quberniya idarələri Şamaxıdan Bakıya köçürülür. Bakı İçərişəhərdən kənara - Bayırşəhərə doğru inkişaf etməyə başlayır. Onda İçərişəhər indiki kimi bir qat yox, iki qat qala divarı ilə əhatə olunmuşdu.

Qala divarının bir qatı sökülür…

Rusiya-İran müharibələrinin Türkmənçay müqaviləsi ilə başa çatmasından xeyli vaxt keçdiyindən və İran tərəfdən təhlükə gözlənmədiyindən, İçərişəhəri əhatələyən ikiqat qala divarı artıq öz hərbi əhəmiyyətini itirmişdi. Ona görə də çar hökuməti 1867-ci ildə qala divarının bir qatını sökmək, ikinci qatını isə tarixi abidə kimi saxlamaq tapşırığı vermişdi. Sökülən divarla birinci qat arasındakı ərazi bir müddət boş qalmışdı.

Onda qala divarlarından kənarda qalan ərazilər qaydaya salınırdı. Çünki şəhərə insan axını var idi. Təzə gələnlər isə İçərişəhər yaxınlığında, qala divarlarının ətrafında məskunlaşmaq və işləmək istəyirdilər. Bakılıların bu istəyini Dövlət Tarix Arxivində saxlanılan bir məktub da təsdiqləyir. Belə ki, 1878-ci ilin yanvarında Bakının sənətkarlar cəmiyyəti adından Bakı şəhər Upravasına ərizə daxil olur. Bakı sənətkarları icarə haqlarının yüksəlməsi ilə əlaqədar ağır vəziyyətə düşdüklərini yazır və xahiş edirlər ki, qala divarları boyunca iki sıradan ibarət ticarət köşkləri tikməyə icazə verilsin. Yeni obyektin layihəsi də təqdim olunur. Lakin şəhər rəhbərliyi tikintiyə icazə vermir. Çünki bu ərazi böyüməkdə olan şəhərin tarixi mərkəzi hesab olunur və gələcəkdə burda əsasən inzibati binaların tikilməsi nəzərdə tutlurdu. Bu məktubda söhbət o vaxtki Nikolayevsk küçəsindən gedir…

Dövlət Tarix Arxivində saxlanılan sənədlər arasında bu küçənin adı 1878-ci il tarixli bir sənəddə çəkilir: Bakı şəhər upravasının 18 sentyabr tarixli qərarında deyilir ki, Bakı şəhərinin qərb tərəfindən keçən Nikolayevsk adlanan küçənin bəzi yerlərində çala-çuxur var və küçə təmir olunmalıdır. Həmin qərara əsasən təmir işləri üçün, müasir dillə desək, tender elan olunur və bu barədə qəzetlərdə elan verilir.

Beləliklə, 1878-ci ildə artıq Nikolayevsk küçəsi səliqəyə salınır, şəhərin əsas küçəsi kimi formalaşırdı.
1880-ci ildə hazırlanan layihə planına əsasən Nikolayevsk küçəsi şəhərin mərkəzi rayonu kimi nəzərdə tutulurdu. 1882-ci ildə memar Koşinski küçənin yeni layihəsini hazırlayıb şəhər rəhbərliyinə təqdim edir.
Bu layihədə küçənin eni 18 metr nəzərdə tutulurdu.
Həmin layihədə həmçinin küçə ilə qala divarları arasındakı boş sahədə inzibati binalar tikmək planlaşdırılırdı.

Bakı Şəhər Dumasının 1892-ci il fevralın 16-da keçirilən iclasında indi İqtisad Universitetinin yerləşdiyi ərazi realnı məktəb (çar Rusiyası dövründə fəaliyyət göstərən və əsasən riyaziyyat və təbiət elmlərinin öyrədildiyi orta və ya natamam orta məktəb) tikmək üçün ayrılır. Bu ərazinin arxivdə saxlanılan sxemindən görünür ki, realnı məktəbin tikintisi üçün 1800 kvadrat sajen (köhnə rus ölçü vahidi, 2,16 metrə bərabərdir) yer ayrılıb.

1892-ci ildə Dumanın realnı məktəb tikmək üçün yer ayırmaq barədə qərarından bir neçə gün sonra şəhər Upravasına Bakının müsəlman icması adından ərizə daxil olub. Həmin ərizədə xahiş edilib ki, realnı məktəb üçün ayrılmış ərazidən sonrakı yerdə Cümə məscidi tikmək üçün torpaq sahəsi ayrılmasına icazə verilsin.

Məscid tikintisinə qadağa

Dövlət Tarixi Arxivində müsəlman Cümə məscidinin tikintisi üçün torpaq sahəsi ayrılmasına dair sənədlər ayrıca qovluqda saxlanılır. Bakı müsəlmanlarının ərizəsində göstərilir ki, İçərişəhərdə yüz il əvvəl tikilmiş məscid köhnəldiyi üçün bu günkü tələblərə cavab vermir. Ona görə də Nikolayevsk küçəsində Cümə məscidi tikmək üçün yer ayrılması xahiş olunur. Ərizəyə müsbət cavab verildiyindən 1893-cü ildə məscidin tikilməsi üçün hazırlıq işlərinə başlanır. Elə həmin ilin mayında doktor Abdul Xaliq Axundov şəhər Upravasına Bakı müsəlmanları adından ərizə ilə müraciət edərək məscid üçün ayrılmış torpaq sahəsini müvəqqəti hasara almağa icazə istəyir. Lakin bir qədər sonra şəhər rəhbərləri fikirlərini dəyişir, məscid tikintisinə icazə vermirlər.

Mütəxəssislərin qənaətinə görə, o vaxt Bakı müsəlmanları əzəmətli bir məscid tikdirməyi planlaşdırıb. Məscid üçün ayrılmış yerdən təxminən 150 metr aralıda – indiki 190 nömrəli məktəbin yerində o vaxtlar «Qızıllı kilsə» kimi tanınan provaslav kilsəsi tikilmişdi (bu kilsə din əleyhinə mübarizənin tuğyan elədiyi 1936-cı ildə sökülüb).

Deyilənə görə, o vaxtkı şəhər rəhbərliyi Nikolayevsk küçəsində məscid tikilməsinə ona görə icazə verməyib ki, bu məscid «Qızıllı kilsə» ilə müqayisədə daha əzəmətli görünə bilərdi.

Bu qərardan sonra məscid üçün nəzərdə tutulan ərazi bir müddət də boş qalır və sonra qız məktəbi tikmək üçün Hacı Zeynalabdin Tağıyevə verilir. 1898-ci ildə tanınmış memar İosif Qoslavskinin layihəsi üzrə bu küçədə ilk inzibati binanın - qız məktəbinin tikintisi başlanır (indi həmin binada AMEA-nın Əlyazmalar İnstitutu fəaliyyət göstərir).

O dövrdə Bakı şəhəri sürətlə böyüyür, inkişaf edirdi. Şəhər rəhbərliyi bu inkişafı qaydaya salmaq məqsədilə Bakının yeni baş planının hazırlanması barədə tapşırıq verir.

1898-cı ildə polkovnik Fon der Nonne Bakının yeni baş planını hazırlayır. Xatırladaq ki, ixtisasca memar olan Fon der Nonne 1898-1901-ci illərdə şəhər başçısı kimi fəaliyyət göstərib. Onun hazırladığı plana uyğun olaraq, Nikolayevsk küçəsində Qubernator evi, duma binası, realnı məktəb və bazar binası tikmək nəzərdə tutulurdu.

Yeni baş plan və yeni binalar

İndiki Sabir bağı ərazisində yerləşən «Kaspi» qəzeti redaksiyası ilə qız məktəbi arasındakı ərazi də uzun müddət boş qalmışdı. Və bu ərazidə müvəqqəti bazar formalaşmışdı. Yeni baş planda bu ərazidə bazar tikmək nəzərdə tutulurdu. İosif Qoslavski yeni bazarın layihəsini də zövqlə hazırlayıb şəhər rəhbərliyinə təqdim etmişdi. Lakin məsələ Dumada müzakirə olunarkən realnı məktəb, duma və qız məktəbi olan ərazidə bazar tikilməsinə icazə verilmir. Şəhərin baş küçəsində digər tikinti işləri isə davam etdirilir.

1900-cü il mayın 18-də Nikolayevsk küçəsində daha bir binanın - şəhər duması üçün binanın, indiki Bakı şəhər İcra Hakimiyyəti binasının əsası qoyulur. O vaxtkı rəsmi sənədlərdə bu bina «qorodskoy dom» - «şəhər evi» adlanırdı. «Kaspi» qəzetinin 21 may 1900-cü il tarixli nömrəsində bu barədə məlumat dərc olunmuşdu. Qeyd edilmişdi ki, təməlqoyma mərasimində Bakının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Bu bina da İosif Qoslavskinin layihəsi əsasında tikilib.

1901-ci ilin mayında Nikolayevsk küçəsində başqa bir inzibati binanın – hələ 1892-ci ildə tikintisi üçün torpaq sahəsi ayrılan realnı məktəbin inşasına başlanır. O vaxt «Kaspi» qəzeti yazırdı: «Mayın 14-də gündüz saat 12-də Nikolayevsk küçəsində şəhər sakinlərinin iştirakı ilə realnı məktəb binasının təməli qoyulmuşdur. Tədbirdə quberniya rəhbəri Lilev, realnı məktəbin direktoru Denfer, digər Bakı məktəblərinin rəhbərləri, pedaqoqlar və realnı məktəbin himayəçiləri iştirak etmişdir».

Beləcə Bakının baş küçəsi illər boyu tikilib, təkmilləşib, şəhərin bir hissəsi olub. Hələ XIX əsrin ortalarından başlayaraq Nikolayevsk küçəsinin inzibati binalar üçün nəzərdə tutulan tərəfi ilə üzbəüz klassik memarlıq üslubunda yaşayış evləri də salınıb. Bu evlərdə Bakı milyonçuları yaşayıb, yaxud o dövrün imkanlı adamlarına kirayəyə verilib.

1920-ci ildə Azərbaycanda bolşevik hakimiyyətinin qurulması ilə Bakıda çox şey dəyişib. Amma bu küçənin adı bir müddət dəyişməyib, 1923-cü ilə qədər: «Bakı şəhərinin küçə, meydan və bağ adlarının dəyişdirilməsi haqqında» Bakı Şəhər Xalq Deputatları Sovetinin 1923-cü il 23 sentyabr tarixli, 87 nömrəli qərarından: «…Bundan sonra Nikolayevsk küçəsi Kommunist küçəsi adlandırılsın».

Bakı şəhər sovetinin o vaxtkı sədri Krılovun imzaladığı bu qərar 70 ilə yaxın -1991-ci ilə qədər qüvvədə olub.
Azərbaycan yenidən müstəqillik qazanandan bəri bu küçə İstiqlaliyyət adlanır.
İstiqlaliyyətimiz mübarək!

Qalereya




Teqlər:  





Xəbər lenti