Azad Rəhimovun Braziliya səfəri davam edir

Azad Rəhimovun Braziliya səfəri davam edir
  25 Aprel 2013    Oxunub:1680
Gənclər və idman naziri Azad Rəhimov Braziliyada rəsmi səfərdədir
21 aprel tarixində Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun Braziliya Federativ Respublikasına səfəri başlayıb. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 22 aprel 2013-cü ildə nazir Azad Rəhimov Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirib. Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırki vəziyyəti müzakirə edilib və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıbr. Eyni zamanda, Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülər hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunmuşdur. Görüşün sonunda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində Əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.
Sonra, nazir Azad Rəhimov Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons ilə görüş keçirmişdir. Görüş zamanı nazir Azad Rəhimov Azərbaycanda paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat vermiş və iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Həmin gün nazir A.Rəhimov “TV Brasil” kanalına müsahibə verib. Müsahibə zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirən nazir bu ilin may ayında Bakıda Kapoeyra üzrə Dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi olduğunu ifadə edib. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyada keçiriləcək yay Olimpiya oyunları barədə danışan nazir Azad Rəhimov bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.

Aprelin 23-də nazir A.Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini səfir Xadil da Roşa Vyana ilə görüşüb. X.Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında Anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirib. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir A.Rəhimov Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Prezidenti deputat Nelson Pellegrino və həmin komitənin üzvü deputat Klaudio Kajado ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşlərdə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak edib.

Nazir Azad Rəhimovun Braziliya səfəri davam edir.


Teqlər:





Xəbər lenti