Yeni nazirdən 5 gözlənti

Yeni nazirdən 5 gözlənti
  25 Aprel 2013    Oxunub:1925
Uzun illərdir təhsil naziri olan Misir Mərdanovun vəzifəsindən azad olunması və onun yerinə 37 yaşlı gənc kadr Mikayıl Cabbarovun təyinatı ölkə ictimaiyyəti tərəfindən Azərbaycan təhsilində yeni islahatlar dövrünün başlanğıcı kimi qiymətləndirilir.

Eks nazirin fəaliyyətinə ölkədə birmənalı münasibət olmadığı hər kəsə məlumdur. Misir Mərdanovun vəzifəsinin getməsinin ardınca təhsilimizdə olan boşluqlar, nöqsanlar yenidən gündəmə gəldi. Belə ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda Misir Mərdanovun təhsil sahəsində həll edə bilmədiyi nöqsanlardan danışdılar. Bir çoxları onun nazir olduğu vaxtda təhsil sahəsində ciddi problemlərin yarandığını, rüşvətxorluğun yayıldığını, təhsilin keyfiyyətinin aşağı düşdüyünü bildirir. Və bu problemin həllini ABŞ təhsilli Mikayıl Cabbarovdan gözləyirlər.

Bəs Mikayıl Cabbarov təhsildə nələri dəyişməlidir? AzVision.az yeni nazirdən olan gözləntilərin “Top-5”-liyini tərtib edib:

1. Pul yığılmasına son

Orta və ali məktəblərdə pul yığılması uzun illərdir ki, Azərbaycan təhsilinin əsas problemlərindən biridir. Məktəblərdə tez-tez yığılan “fond pulu”, “süpürgə pulu”, “jurnal pulu”, bayramlar üçün yığılan pul və s. həmişə qınaq obyekti olsa da, öz həllini tapmayan məsələdir. Təhsil Nazirliyi bunu nə qədər dansa da, fakt faktlığında qalırdı. Yeni nazirin əsas işlərindən biri buna son qoymaq olmalıdır.

2. Boloniya prosesi

Ali məktəblər “Boloniya prosesi”nə qoşulsalar da, çoxları deyir ki, bu, “Azərbaycansayağı Boloniya” oldu. Yəni tədris işi, qiymətləndirmə, imtahanların aparılması və s. heç biri əsl Boloniya prosesinə uyğun olmadı. Yeni nazir “əsl” Boloniya prosesinə keçidi təmin etməlidir.

3. Repetitorluq

Artıq uzun müddətdir repetitorluq biznesi təhsili ələ alıb. Orta məktəblərin son siniflərində oxuyan şagirdlər məktəb dərslərindən yayınır və ali məktəbə hazırlaşmaq üçün xüsusi müəllimlərin yanında hazırlaşırlar. Bu hal Misir Mərdanovun vaxtında xüsusilə çiçəklənmişdi. Bəzən valideynlər övladlarının daha yaxşı hazırlaşması üçün onları Bakıda yerləşən məktəbdən çıxardır və rayona qeydiyyata salır, müəllim yanına göndərirlər. Yeni nazir bu halın azalmasına nail ola biləcəkmi?

4. Peşə məktəblərinin formal xarakteri

Ölkəmizdə çoxlu sayda peşə məktəbləri olsa da, onlar demək olar ki, dekorasiya xarakteri daşıyırlar. Uşaqlar peşə məktəblərinə qəbul olsalar da, orada heç bir real peşəyə yiyələnə bilmirlər.

5. Dərslik siyasəti

Azərbaycan müstəqillik qazandıqdan sonra orta məktəb dərsliklər bir neçə dəfə dəyişikliklərə məruz qaldı. Hətta demək olar ki, hər yeni tədris ilində yeni dərsliklər çap olundu. Əvvəllər dərslikləri valideynlər pulla aldıqları üçün, bu, daha çox narazılıqlara səbəb olurdu. Dərsliklərin daha yüksək səviyyədə hazırlanması təhsilimizin inkişafında əsas amildir. Yeni nazir bu məsələnin də həllinə ciddi fikir verməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti