`Azərbaycan mədəniyyətini tanıyaq!` kampaniyası başladı

`Azərbaycan mədəniyyətini tanıyaq!` kampaniyası başladı
  26 Avqust 2014    Oxunub:1964
Gənclər üçün Təhsil Mərkəzi milli musiqimizin və sənət nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün ilk dəfə olaraq, “Azərbaycan mədəniyyətini tanıyaq!” virtual təbliğat kampaniyasına başlayıb. Bu gündən start götürən kampaniya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.
Kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən sosial media vasitələrində təbliğat işinin təşkili, müxtəlif xalqlar tərəfindən mənimsənilmiş mədəni dəyərlərimizin geri qaytarılması üçün faktların toplanması, onların ictimailəşdirilməsi və yeni media vasitələri ilə yayılması, müxtəlif xarici dillərdə mədəniyyətimizlə bağlı yazıların hazırlanması və işıqlandırılması nəzərdə tutulur. Eyni zamanda Azərbaycanın müxtəlif regionlarından yeni foto-video materiallar hazırlamaq və yaymaq, sosial şəbəkə istifadəçilərinin (xüsusilə əcnəbilərin) Azərbaycanla bağlı şəkil və musiqilər paylaşmasını təşviq etmək də kampaniyanın tərkib hissəsidir.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, kampaniyanın bu gün başlaması heç də təsadüfi deyildir. Bu gün Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü kimi qeyd olunur. Təbii ki, Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında bu gün doğum gününü qeyd edən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var. Biz gənclər də bu cür uğurlara söykənərək və stimul alaraq, yeni kampaniyaya start veririk. Düşünürük ki, bu kampaniya milli musiqimizin və sənət nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaqla yanaşı, xarici auditoriyalara çıxaraq, Azərbaycan mədəniyyətini təbliğ edəcək və onu daha çox tanıdacaq.

Hazırda sosial mediadan demək olar ki, bütün dünya istifadə edir. Bu çox gözəl vasitədir ki, vaxt itirmədən daha çox əcnəbini Azərbaycan mədəniyyəti barədə məlumatlandıraq və imkan verməyək ki, ölkəmizi sevməyən bir sıra qüvvələr dünyaya yalan informasiyalar yaysın. Çünki növbəti il Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcəkdir və xeyli insan bu tədbirə qatılacaq. Bu baxımdan kampaniyanın ciddi əhəmiyyəti ola bilər. Fürsətdən istifadə edib, ölkə gənclərini, QHT-ləri və kütləvi informasiya vasitələrini, eləcə də diaspora təşkilatlarımızı bu kampaniyada yaxından iştiraka dəvət edirik.

Qeyd edək ki, kampaniya sosial şəbəkələrdə “Insight into Azerbaijani culture!/ Azerbaycan medeniyyetini taniyaq!” adlı qrup daxilində başlayıb.


Teqlər:





Xəbər lenti