“Orta və ali məktəbdə kitab üzü açılmırsa...”- RƏY

“Orta və ali məktəbdə kitab üzü açılmırsa...”- RƏY
  23 Aprel 2013    Oxunub:4150
Elə bu gün özümüzə və dostlarımıza bir kitab ala bilərik...
“Kitab - sənin ilk dostundur”, “Kitab, tək ölümsüzlükdür”, “Kitab heç aldatmayan bir yoldaşdır” deyib müdriklər. Kitab oxumağı həyat tərzinə çevirən hər bir şəxs bu deyimlərin nə dərəcədə doğru olduğunun fərqinə varmış və faydasını görmüş olur. Kitab onun dostu, ölümsüzlüyü olur.

Bu gün bütün dünyada kitaba ehtiram günü – Ümumdünya Kitab Günüdür.

Belə ki, 1995-ci ildə Barselonada toplanan Dünya Nəşriyyatlar Birliyi 23 aprelin hər il Kitab Günü kimi qeyd edilməsi təklifini irəli sürüb. Elə həmin ildə YUNESKO 23 aprel tarixini Dünya Kitab Günü kimi rəsmən qəbul edib. Əlamətdar günün məhz 23 aprel tarixində qeyd edilməsinin əsas səbəbi isə həmin gündə ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de La Veqa kimi digər məşhur yazıçıların doğum və ölüm günlərinin olmasıdır.

Həmin konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəslənməsinə çağırılıb.

Bəs Kitab Gününün qeyd olunmasının 18-ci ilində Azərbaycanda kitabla bağlı vəziyyət necədir?



“Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərli ölkəmizdə kitab mağazalarının və oxucusunun az olmasından narazıdır: “13 ildir ki, bu işlə məşğulam. 13 il əvvəl bu mövzu aktual deyildi. Kitabla bağlı heç kəs danışmaq istəmirdi. Sevinirəm ki, nəhayət, kitab mövzu bir olub və bu barədə danışılır. Kitab artıq bizim həyatımıza hər hansı formada gəlib. Amma yenə də çox narazıyam. Hələ kitaba marağın artması, oxunması üçün çox işlər görməliyik. Bu sahədə dəyişikliklər olmalıdır. 9 milyonluq ölkədə cəmi on kitab evi var. Bu, çox aşağı bir rəqəmdir”.

Nigar Köçərli bildirir ki, kitaba marağın artırılması hər kəsin özündən başlamalıdır: “Məsələn, elə bu gün özümüzə və dostlarımıza bir kitab ala bilərik. Ya da kitabxanadan bir kitab götürmək olar. Hər kəs özündən başlamalıdır”
Onun sözlərinə görə, Azərbaycanda kitab oxuyan təbəqə əsasən gənclərdir. Maraq dairəsində olan kitablar isə daha çox intellektual kitablardır.



”Qanun” nəşriyyatının baş direktoru Şahbaz Xuduoğlu isə ölkəmizdə kitaba marağın inkişaf etdiyini deyir: “Hesab edirəm ki, bu gün çox əlamətdar gün, bayramdır. Əvvəlki illər nisbətən kitaba maraq yaxşılığa doğru dəyişir. Kitaba maraqla yanaşı, kitablar da artır. Ümid edirəm ki, bu artım ilbəil davam edəcək. Məncə, kitab öz yerini həmişə qoruyub saxlayacaq”.

Nəşriyyat direktoru digər ölkələrlə müqayisədə Azərbaycanda oxucu və kitab satışı səviyyəsinin aşağı olduğunu bildirir: “Ancaq ümumiyyətlə, Azərbaycanın özündə ouxucuların sayı artmaqdadır. Məncə, kitabın zəif oxunması, ilk növbədə, təhsilin səviyyəsi ilə bağlıdır. Təhsil səviyyəsi yüksək olarsa, kitab oxuyanların da sayı artar. Əgər orta və ali məktəbdə kitab üzü açılmırsa, əlbəttə ki, bədii kitab da oxunmaz”.

Qeyd edək ki, “Qanun” nəşriyyatı bir müddətdir ki, hər həftəsonu kitab aksiyası keçirir. Aksiyada ucuz qiymətə kitabların satılması kitab həvəskarlarına böyük imkan açıb. Digərlərində isə kitaba maraq oyadıb. Şahbaz Xuduoğlu sözügedən kitab aksiyasının yay boyu davam edəcəyini vurğulayır: “Yenə də hər həftə şənbə günü saat 2-dən axşama qədər 1-2 manatlıq kitablar satılacaq. Hətta yeni çap olunan kitablara da endirimlər edirik ki, kitab ətrafına yeni oxucu çevrəsi toplaya bilək”.

Beləliklə, kitab oxumağımız bir sıra üçün addımlar atılır. Bizə qalır oxumaq...Və nəzərə alsaq ki, insan güc ilə yox, mütaliə etməklə ağıllanır, onda kitabla güclü olaq. Kitab Gününüz mübarək!

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti