“Vətənpərvər” müğənnilərə müraciət

“Vətənpərvər” müğənnilərə müraciət
  07 Avqust 2014    Oxunub:6539
Mehman Telmanoğlu

İndi həsssas bir dönəmdə yaşayırıq. Cəbhədən gələn xəbərlər Vətəndaş olan hər kəsi narahat edir. Narahatedici başqa bir məqam isə İNSANLARIN bir-birlərini qeyri-səmimi vətənpərvərlikdə itiham etməsidir. Axı niyə bunu edirik? Vətənpərvərliyin səmimiliyi və ya qeyri-səmimiliyini müəyyən edən cihaz və ya kimsə var?


“Psevdoqəhrəman” “Ura-patriotlar” kimi ifadələr az qala ittihama bərabərdir... Bəzən ifadələrin ünvan seçimi düz olur... Amma yenə də kimisə saxta vətənpərvərlikdə ittiham etmək düz çıxmır. Necə deyərlər “kor-kor, gör-gör” prinsipi ilə yanaşsaq, bu, bir daha aydın olacaq.

Vaxtımızı bu mənasız ittihamlara sərf etməkdənsə, “Mən Vətən üçün necə faydalı ola bilərəm” sualı ətrafında fikirləşsək, yəgin ki, ölkəyə, onun vətəndaşına daha lazımlı olarıq. Hərə öz bacardığı qədər... Çünki, Vətən sevgisi hər kəsin ÜRƏYİ boydadır...

“Saxta vətənpərvərlər” kimi ittihamlar ən çox da şou-biznes adamlarına ünvanlanır. Mən onların hamsını bu siyahıya daxil etməzdim. Amma yenə də sosial şəbəkə istifadəçilərinin müzakirə predmetinə baxsaq, bu ittiham 90 faizə aid edilir. Bəlkə də, haqları var...

Himnin sözlərini bilməyən, işğal tarixlərini yaddan çıxaran, soyqırım günlərində xarici ölkələrdə toy və ya konsert səhnələrində özünü fəda edən mügənniyə başqa nə ad qoymaq olar? Düzdür, indi elə müğənni yoxdur ki, repertuarında vətənpərvərlik mahnısı olmasın. Ətək-ətək pul verib mahnı yazdırır, zəhmət çəkib oxuyurlar, insanlara Vətəni sevməkdə “yardımçı” olurlar. Bunu başa düşürük. Amma bəzən bu sevginin hardan qaynaqlandığını, nəyə hesablandığını anlamaq çətin olmur...

Şəxsən özüm eşitmışəm deyə yazıram. “Bu qədər vətənpərvərlik mahnıları oxumuşam, niyə dövlətin diqqətindən kənar qalmalıyam? Niyə mənə fəxri ad və ya mükafat vermədilər?” deyənlərə də rast gəlmişəm. Bax budur, məqsəd güdülən Vətənpərvərlik...

İndi isə kütləni öz arxasınca apara bilənlər, sizədir sözüm. “Günahlar”ınızın yuyulma zamanıdır. Bu xalqın pulu ilə dolandığınızı hər yerdə deyirsiniz. Özünüzə qismət pulunuz, amma “Pulu ilə dolandığın XALQ-ım üçün nə etmişəm” sualına cavab vermisinizmi?

Bu məmləkətin Silahlı Qüvvələrə Yardım Fondu var. Yəgin eşitmisiniz... Toy qiymətlərinizin bahalığı ilə qürrələndiyiniz kimi, indi bu fonda yatıracağınız məbləğin çoxluğu ilə qürrələnmək zamandır. Haydı, irəli!!! Bu, İŞĞAL, SOYQIRIM günlərində oxuyub-oynamaqdan, eyş-işrətlə məşğul olub pul qazanmaqdan daha çətindir. Baxaq, bu çətin YÜKÜ hansınız üzərinizə götürməyə hazırsınız...


Teqlər:





Xəbər lenti