ISW: “Moskva Baltikyanı ölkələrə nəzarət etmək istəyir”

      ISW:    “Moskva Baltikyanı ölkələrə nəzarət etmək istəyir”
  20 Avqust 2025    Oxunub:1014
Rusiyanın Ukraynaya qarşı müharibədə əsas məqsədi təkcə ayrı-ayrı bölgələri, xüsusən də Donetsk vilayətini ələ keçirmək yox, bütün dövlət üzərində siyasi nəzarət yaratmaqdır.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dünənki açıqlamasını təhlil edən Amerikanın “Müharibənin Tədqiqatı İnstitutunun (ISW)” analitikləri belə qənaətə galiblər.

Həmin müsahibədə Moskvanın heç vaxt Krım və Donbas da daxil olmaqla heç bir ərazinin ələ keçirilməsinin zəruriliyindən danışmadığını deyən Lavrov, eyni zamanda Ukraynanın suverenliyini faktiki olaraq inkar edən tələblər irəli sürüb - xüsusən də dil və din haqqında qanunların dəyişdirilməsi.

ISW-nin analitiklərinin fikrincə, bu cür bəyanatlar Kremlin əsl məqsədlərinə uyğundur - Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirmək və ölkəyə tam siyasi nəzarəti ələ keçirmək üçün onu rusiyayönlü hökumətlə əvəz etmək.

“Rusiyanın ərazi tələblərini “əsas səbəblərə” istinadlarının arxasında gizlənən tələblərdən ayrı şəkildə araşdırdıqda, biz Kremlin hərbi və digər tələblərinin bölünməz olduğunu görürük. Kreml bütün bu məqsədlərə nail olmağa çalışır və sülh prosesini başa çatdırmaq üçün güzəştə getməyə və ya bəzilərini başqaları üçün qurban verməyə hazır olmadığını göstərir”, - ekspertlərin hazırladığı hesabatda vurğulanır.

Lavrov: “Rusiya Ukraynanın ərazilərini tutmaq istəmirdi” | VİDEO
Analitiklər bildirirlər ki, Kreml Ukraynanı demilitarizasiya etməyə, onun NATO-ya üzvlüyünə mane olmağa və hökumətini dəyişməyə çalışır. Moskva bunun üçün həm hərbi, həm də diplomatik vasitələrdən istifadə etməyə hazırdır. Kreml 2004-cü ildən başlayaraq hibrid hərbi kampaniyalar vasitəsilə Ukraynanı geri qaytarmaq üçün 8 illik uğursuz cəhdlərdən sonra 2022-ci ildə ona qarşı enişmiqyaslı işğala başlayıb.

ISW-nin iddiasına görə, Ukrayna ilə kifayətlənmək istəməyən Rusiya, eyni zamanda, digər keçmiş Sovet dövlətlərini, o cümlədən NATO üzvləri olan Litva, Latviya və Estoniya üzərində nəzarəti gücləndirməyə can atır. Onun Baltikyanı ölkələrə təsir göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb.

- Bununla belə, Belarus və Gürcüstanda Moskva daha böyük uğurlara imza atıb və indi müstəqil Belarus ideyasını tamamilə məhv etmək üçün Minsk üzərində nəzarəti möhkəmləndirməyə çalışır”, - institutun ekspertləri vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ISW   Rusiya   Baltikyanı  



Xəbər lenti