Zelenski Trampın qəbuluna gedib

   Zelenski Trampın qəbuluna gedib
  18 Avqust 2025    Oxunub:790
Ukrayna Prezidenti Volodimir Zelenski sabah amerikalı həmkarı Donald Trampla görüşmək məqsədilə ABŞ-yə səfərə yollanıb.
Volodimir Zelenski bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. O, görüşə bir sıra Avropa ölkəsinin liderlərinin də qoşulacağını diqqətə çatdırıb.

"Hamımız eyni dərəcədə istəyirik ki, müharibəni tezliklə qurtarıb, davamlı sülhə çataq. Əminəm ki, Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə səmərəli təminat verəcəyik. Xalqımız dəstək və əvəzsiz köməyinə görə Prezident Donald Trampa, ABŞ-dəki hər kəsə, hər bir tərəfdaşa həmişəlik minnətdar qalacaq. Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır", – Ukrayna Prezidenti vurğulayıb.

Xatırladaq ki, avqustun 13-də bir sıra Avropa ölkəsinin dövlət və hökumət başçıları, habelə təşkilat rəhbərləri ABŞ və Rusiya liderlərinin Alyaskada avqustun 15-də baş tutmuş görüşündən qabaq Prezident Donald Trampla videokonfrans formatında danışıqlar aparmışdılar. Almaniya Kansleri Fridrix Mertsin təşkilatçılığı ilə keçirilən görüşdə iştirak məqsədilə Volodimir Zelenski də Berlinə yollanmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ukrayna   ABŞ   prezident   görüş  



Xəbər lenti