Qoşulmama Hərəkatı Gənclər Təşkilatı festivala hazırlaşır
Tədbirdə çıxış edən QHGT-nin sədri və COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin perspektivlərinin dayanıqlı inkişaf prosesində inklüziv nəticələr əldə edilməsində əhəmiyyətini vurğulayıb.
Ardınca BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək gənclərin yenilikçi, yaradıcı və qətiyyətli xarakterlərinin qlobal məsələlərin həllində mühüm rol oynadığına toxunub.
Tədbirin açılışında BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullierin video müraciəti nümayiş olunub. Dialoqda gənclərlə bağlı gündəmin irəlilədilməsi üçün nəsillərarası əməkdaşlıq yolu ilə mövcud çətinliklər və milli, regional və qlobal səviyyədə gələcəyə yönəlik həll yolları müzakirə olunub.
QHGT-nin BMT-nin ölkəmizdə Rezident Əlaqələndiricisinin Ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirdiyi ənənəvi dialoq panel müzakirəsi formatında davam edib.
Tədbirdə iştirak edən BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin əməkdaşları ilə yanaşı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat uzunmüddətli ərzaq təhlükəsizliyinin nəsillərarası xarakter daşıdığını vurğulayıb.
BMT-nin Məskunlaşma Proqramının Azərbaycandakı Proqram rəhbəri Anna Soave öz növbəsində gələcəyin inklüziv şəhərləri konsepsiyası və gənclərin inklüziv, təhlükəsiz, və dayanıqlı şəhər inkişafının təşviqində rolundan bəhs edib.
Müxtəlif nəsilləri bir araya gətirərək həmrəylik və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan tədbir gənclərə sadəcə dinləyici yox, fəal iştirakçı olmaq imkanı yaradıb.
QHGT Katibliyinin rəhbəri Ayan Muxtarlı və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçinin moderatorluğu ilə keçirilən müzakirələr “Bugünkü reallıqlar: yaşadığımız mühit”, “Arzuladığımız gələcək: gənclər üçün uyğun bir dünya” və “Dəyişimin toxumları: baş verən yeniliklər” mövzularını əhatə edib.
Sessiyalar zamanı iştirakçılar gənclərin prioritetləri, onların qarşılaşdığı maneələr, gələcək üçün planları və bu istiqamətdə atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıblar. Hibrid formatda təşkil olunan tədbirdə 40-a yaxın gənclə yanaşı, QHGT-nin Asiya, Afrika və Latın Amerikada yerləşən Milli Bölmə təmsilçiləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar arzuladıqları gələcəyi reallaşdıracaq təkliflərini bölüşüblər.
Qeyd edək ki, hazırda QHGT 59 milli bölmə və yüzlərlə üzv ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqu gücləndirmək, gənclərin səsini qlobal platformalara çatdırmaq məqsədilə fəaliyyət göstərir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


