Şeyx: "Süni intellektin fəsadları bəşəriyyət üçün təhlükədir"

      Şeyx:    "Süni intellektin fəsadları bəşəriyyət üçün təhlükədir"
  12 Avqust 2025    Oxunub:1391
Beynəlxalq sabitliyə təhdid olan ksenofobiya təzahürləri, etnik, dini, irqi ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları, sivilizasiyaların toqquşdurulması cəhdləri, süni intellektin fəsadları, sürətlə silahlanma, real nüvə təhlükəsi bütün bəşəriyyət üçün ən böyük təhlükələrdir.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Cənubi Afrikanın paytaxtı Keyptaun şəhərində keçirilən G20 Dinlərarası Forumunda çıxışı zamanı deyib. Şeyxülislam bildirib ki, Yer kürəsində insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoq zərurətindən irəli gələn, son illərin ənənəsi - Böyük İyirmilik ərəfəsi Dinlərarası Forumlar dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının səmərəli praktiki təzahürünə çevrilib:

QMİ sədri vurğulayıb ki, Keyptaun Forumunun mövzusunun “İman fəaliyyətdə” olaraq seçilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Şeyxülislam A.Paşazadə bildirib ki, həqiqətən, dinlərin, imanın potensialı, ümumbəşəri dəyərlər və insan qardaşlığı çağırışları bütün problemlərin həllinə yardımçı ola bilər.

Şeyxülislam A. Paşazadə çıxışında Forumun mövzularına toxunaraq deyib: “Qürur duyuram ki, təmsil etdiyim Azərbaycan tolerantlıq, multikulturalizm diyarı olaraq qlobal müstəvidə dinlər, sivilizasiyalar arasında dialoq prosesində aparıcı rol oynayır. İqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ötən ilin noyabrında Bakıda COP 29 BMT tədbirində müzakirə edildi və həmin Forum çərçivəsində iqlim problemlərinin mənəvi dəyərləndirilməsində dini liderlər yaxından iştirak etdilər.

Azərbaycanın ardıcıl 3 il sədrliyi müddətində Qoşulmama Hərəkatı müstəvisində bütün irqlərin və xalqların bərabərliyinin tanınması, müstəmləkəçiliklə mübarizə istiqamətində mühüm əməli addımlar atılmışdır. Azərbaycan Respublikası beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin məlum qətnamələrini yerinə yetirərək işğala son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda dinc quruculuq işləri və əhalinin qayıdış layihələrini həyata keçirir, ekosid və urbisidin nəticələrini aradan qaldırır, bölgəmizdə sülh və tərəqqi yönündə səy göstərir”.

Şeyxülislam A. Paşazadə çıxışının sonunda, həmçinin, G20 Dinlərarası Forumun işində iştirak edən və ölkəmizi təmsil edən Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun adından Forumun təşkilatçılarına təşəkkürünü bildirib. Forum işini davam etdirir. QMİ sədri Şeyxülislam A.Paşazadənin tədbir çərçivəsində müxtəlif mədəni proqramlarda iştirakı, Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

AzVision.az



Teqlər:



Xəbər lenti