“WhatsApp” da yeni funksiya yaranacaq

“WhatsApp” da yeni funksiya yaranacaq
  05 Avqust 2025    Oxunub:912
“WhatsApp”ın Android üçün beta versiyasında “Qonaq söhbətləri” adlı funksiya aşkar edilib ki, bu da messencer istifadəçilərinə qeydiyyatdan keçməyən şəxslərlə mesaj mübadiləsi aparmağa imkan verəcək.
AzVision.az “WABetaInfo” portalının yaydığı məlumata istinadən xəbər verir ki, yeni çat-platforma yaradarkən istifadəçi telefon nömrəsini göstərmədən ünsiyyət variantını seçə biləcək. Tətbiq həmsöhbətə göndərilə bilən unikal bir keçid yaradacaq. Bunun üzərinə klikləməklə, qəbul edən artıq yaradılmış söhbətlə “WhatsApp”ın veb versiyasını açacaq.

“Qonaq söhbətləri” çərçivəsində ünsiyyət vaxt məhdudiyyəti olmadan, lakin müəyyən funksional məhdudiyyətlərlə mümkündür: yalnız mətn yazışmaları mövcuddur. Media faylları, sənədlər, stikerlər və GIF animasiyalarının göndərilməsi dəstəklənmir. Eyni zamanda, bütün mesajlar adi söhbətlər kimi “nüfuzedici” şifrələmə ilə qorunur.

“Həmsöhbət gələcəkdə messencerdə qeydiyyatdan keçərsə, qonaq çatını yadda saxlamaq və dialoqu standart formatda davam etdirmək imkanı qazanacaq”, - məlumatda deyilir.

“WABetaInfo” hesab edir ki, funksiyanın tətbiqi “Meta”nın “WhatsApp”ın istifadəçi bazasının genişləndirilməsi strategiyasının bir hissəsi ola bilər.

Tətbiqin sabit versiyasında “Qonaq söhbətləri”nin işə salınma tarixləri hələ açıqlanmayıb. Funksiya yəqin ki, növbəti əsas yeniləmələrdən birində görünəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: WhatSapp   funksiya  



Xəbər lenti