Azərbaycandan Suriyaya qaz nəqlini Qətər maliyyələşdirir

   Azərbaycandan Suriyaya qaz nəqlini Qətər maliyyələşdirir
  01 Avqust 2025    Oxunub:1681
Azərbaycanın təbii qazı sabahdan etibarən Türkiyə vasitəsilə Suriyaya axmağa başlayacaq.
ABŞ-nin Türkiyədəki səfiri, habelə Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak özünün "X" hesabında diqqətə çatdırıb ki, bu layihə Qətər tərəfindən maliyyələşdirilir. Səfir bu münasibətilə rəsmi Dohaya öz təşəkkürünü bildirib.

"Suriya üçün həyati əhəmiyyət daşıyan qaz layihəsini tam maliyyələşdirdiyinə görə Qətərə səmimi-qəlbdən təşəkkürümüzü çatdırırıq. Avqustun 2-dən Azərbaycanın təbii qazı Türkiyə vasitəsilə Suriyaya ötürüləcək. Nəticədə 800 MVt-dək enerji alınacaq ki, bu da sözügedən ölkədə 5 milyon evi elektrikləşdirəcək. Belə bir layihə kritik dövrdə humanitar vəziyyətin yaxşılaşması, sabitləşməsi istiqamətində mühüm addımdır. Qətər hökuməti əsl həmrəylik və tərəfdaşlıq nümunəsi göstərdi", - Barrak vurğulayıb.

Xatırladaq ki, Azərbaycandan Suriyaya gözlənilən qaz nəqli barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparlsan Bayraqdar ötən günlərdə ətraflı məlumat vermişdi. Onun sözlərinə görə, Azərbaycan qazı Türkiyənin Kilis vilayətindən keçməklə Suriyanın Hələb şəhərinə ötürüləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Türkiyə   Suriya   Qətər   qaz-nəqli  



Xəbər lenti