Fələstin HƏMAS-ın tərksilah olmasını istəyir

   Fələstin HƏMAS-ın tərksilah olmasını istəyir
  29 İyul 2025    Oxunub:745
Fələstin Milli Administrasiyası (FMA) atəşkəs rejiminə nəzarətin və təhlükəsizliyin təmin olunması üçün Qəzza zolağına regional və beynəlxalq qüvvələrin yerləşdirilməsinə etiraz etmir.
AzVision.az xəbər verir ki, Fələstin probleminin həllinə dair BMT-nin yüksək səviyyəli beynəlxalq konfransında çıxış edən Fələstinin baş naziri Məhəmməd Mustafa belə deyib.

Siyasətçi, həmçinin radikal HƏMAS hərəkatının silahları FMA-ya təhvil verməli olduğunu vurğulayıb.

“Həmas Qəzzaya nəzarəti dayandırmalı və silahları FMA-ya təhvil verməlidir. Biz xalqımızı qorumaq, bütün tərəflərin atəşkəsə əməl etməsinə nəzarəti və təhlükəsizliyi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının səlahiyyət verdiyi missiya çərçivəsində Fələstin dövləti ilə əlaqəli şəkildə regional və beynəlxalq qüvvələrin yerləşdirilməsinə çağırmağa hazırıq”, - Məhəmməd Mustafa bildirib.

Amma o, bu qüvvələrin Fələstin təhlükəsizlik qüvvələrinin əvəzi olmayacağını söyləyib. Fələstinin baş nazirinin sözlərinə görə, Qəzza zolağının “işğal, məskunlaşma, məcburi köçürmə və ilhaq olmadan” İordan çayının qərb sahili ilə birləşdirilməsi üçün birgə iş lazımdır.

- Qəzzanı xalqımızla birlikdə yenidən qurmalı, Fələstinin müstəqilliyinə nail olmalıyıq. Regional sülh, təhlükəsizlik və firavanlığa nail olmaq üçün Fələstinlə İsrailin sülh və əmin-amanlıq içində yan-yana yaşadıqları iki dövlətli həlli reallaşdırmalıyıq”, - Məhəmməd Mustafa diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fələstin   HƏMAS   tərksilah  



Xəbər lenti