Kişineu merinin Rumıniyaya girişinə qadağa qoyuldu

Kişineu merinin Rumıniyaya girişinə qadağa qoyuldu
  10 İyul 2025    Oxunub:1637
Rumıniyanın Xarici İşlər nazirliyi Moldovanın paytaxtı Kişineu şəhərinin meri İon Çeban və daha iki Moldova vətəndaşının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, rəsmi açıqlamada bu addımın “milli təhlükəsizlik məqsədilə” atıldığı bildirilir.

Rumıniya tərəfi digər iki fiqurantın adını açıqlamasa da, medianın məlumatına görə, bunlar Natalya Morar (jurnalist və prezidentliyə keçmiş namizəd) və Vasil Tarlevdir (“Moldovanın Gələcəyi” partiyasının lideri). Eyni zamanda “Milli Alternativ Hərəkat” (MAH) partiyasının rəhbəri olan Kişineu meri İon Ceban baş verənlərə görə Moldova hökumətini günahlandırıb.

Moldova hökumətinin sözçüsü Daniel Voda qeyd edib ki, hakimiyyət Cebanı xəbərdar etməyib, çünki prosedura görə, girişi qadağan olunmuş şəxs birbaşa məlumatlandırılır.

Xatırladaq ki, Natalya Morar əvvəllər prezident seçkilərində vahid namizədin müzakirəsi üçün müxalifət görüşlərinin təşkilini dəstəkləyib. O, həmçinin Moldova prezidenti Mayya Sandunu tənqid edərək, onun hakimiyyətinin “qocalma, əhalinin azalması və yoxsulluğun simvoluna çevrildiyini” bildirib.

Vasil Tarlev isə sabiq prezident İqor Dodon və İrina Vlahla birlikdə Moldova Respublikasının Sosialistlər Partiyasının mitinqində və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Qeyd edək ki, Rumıniyaya giriş qadağası digər Şengen ölkələrinə girişin avtomatik məhdudlaşdırılması deməkdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çebanu   Rumıniya   qadağa  



Xəbər lenti