Avropa İran qarşısında tələb qoyub

Avropa İran qarşısında tələb qoyub
  02 İyul 2025    Oxunub:1231
Nüvə proqramını dayandırmaq üçün İran dərhal danışıqlar masası arxasına qayıtmalıdır.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın Xarici İşlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı belə deyib.

“İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar mümkün qədər tez bərpa olunmalıdır. MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) ilə əməkdaşlıq bərpa edilməlidir”, - Aİ diplomatiyasının rəhbəri vurğulayıb.

Xanım Kallas, həmçinin bildirib ki, Aİ İranla MAQATE arasında dialoqun bərpasına yardım etməyə hazırdır.

Bundan əvvəl Abbas Əraqçi demişdi ki, dialoq zamanı təcavüz olunmayacağına Vaşinqtonun zəmanət verməsi şərti müqabilində İran ABŞ ilə nüvə sazişi üzrə danışıqlara qayıda bilər. Onun sözlərinə görə, nüvə biliklərini və texnologiyasını bombalamaqla məhv etmək olmaz. Bu o deməkdir ki, Tehran uranın zənginləşdirilməsi sahəsində itirilmiş mövqelərini bərpa etmək iqtidarındadır.

Xatırladaq ki, “Tasnim” agentliyinin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian Tehranın MAQATE ilə əməkdaşlığının dayandırılması barədə Sərəncam imzalayıb.
Sənədə əsasən, İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi təmin olunana qədər MAQATE-nin əməkdaşlarının İrana girişi qadağan ediləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   İran   tələb  



Xəbər lenti