Netanyahu ABŞ-yə gedir

   Netanyahu ABŞ-yə gedir
  01 İyul 2025    Oxunub:1161
İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-nin paytaxtı Vaşinqtona səfərə yollanacaq.
Bu barədə o özü bu gün keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı əsnasında məlumat verib. O diqqətə çatdırıb ki, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla, habelə ali hökumət nümayəndələri ilə, o cümlədən vitse-prezident C.D.Vens, Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və ticarət naziri Hovard Lutniklə görüşlər keçirəcək. O həmçinin bir sıra senatorla da görüşəcək.

"ABŞ ilə yeni ticarət razılaşmasının astanasındayıq", - Netanyahu iclasda vurğulayıb.

Xatırladaq ki, iyunun 13-də İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   baş-nazir   səfər   görüş  



Xəbər lenti