Babi Bədəlov: “Məndə vətən hissi yoxdur, heç vaxt da olmayıb”

Babi Bədəlov: “Məndə vətən hissi yoxdur, heç vaxt da olmayıb”
  23 Aprel 2013    Oxunub:9808
Rəssam Babi Bədəlovla Parisdə görüşdük. Daha öncələr bir neçə dəfə “Alma” qəzetinin redaksiyasında təsadüfi görüşlərimiz olsa da, ünsiyyətimiz salam-sağoldan uzağa getməmişdi. Hətta sonralar belə sosial şəbəkələrdə bir-birimizin “friend list”ində olsaq da, Babi Bədəlovun yalnız paylaşımlarını izləməklə kifayətlənmişəm. Ta ki, yolum Parisə düşənə qədər...
Babi Bədəlov haqqında fikirlər heç vaxt birmənalı olmayıb. Onun konseptualist bir rəssam kimi nə dərəcədə istedadlı olduğunu vurğulamayacağam. Rəssamlığın, müsahibimin yaradıcılıq janrının spesifik özəlliklərini eninə-boyuna analiz edib ağıllı görünmək fikrindən də uzağam. Digər tərəfdən, Babi, ünsiyyətımiz zamanı dönə-dönə tapşırdı ki, nəbadə onu tərif edim: “Xoşlamıram. Onsuz da sənətimi mənim qədər kimsə anlamır. Ona görə nə yazsan, yaz, inanmıram ki, sənətimin bütün incəliklərini çatdıra biləcəksən. Yaxşısı budur ki, ümumiyyətlə, haqqımda yazı yazma. Nəsə sevmirəm mətbuatda görünməyi”.

- Haqqında yazı yazmağımı istəmirdinsə, niyə görüşməyə, müsahibəyə razılıq verdin?
- Xanimlara “yox” cavabı verə bilmirəm. Həm də facebook dostumu yaxından tanımaq istədim.

- Elə mənim də məqsədim səni yaxında tanımaqdır. Barəndə çox fikirlər səslənir. Ziddiyyətli bir şəxsiyyət olduğun kənardan da hiss olunur. Amma səni şəxsən tanıyanlar daha çox qəliz, çətin ünsiyyətə gedən, kaprizli biri olduğunu deyir. Həqiqətən də beləsən?
- Kim deyir bunu?

- Ortaq tanışlarımız. Ad çəkmək qeyri-etik olduğu üçün kimliyini deməyəcəyəm.
- Bunu ancaq məni sevməyənlər deyə bilər. Ümimiyyətlə, məni Azərbaycanda çox adam sevmir. Heç mən də sevmirəm.

- Bakı üçün, doğulduğun Lerik üçün darıxmırsan?
- Yox. Məndə vətən hissi yoxdur, heç vaxt da olmayıb. Uşaqlığımı nəzərə almasaq, zatən Azərbaycanda çox az yaşamışam. Rusiyada, Avropada, Amerikada keçib həyatım. Köçəri yaşam sürən bir insan üçün hara yaxşıdırsa, harda azadlıq varsa, ora vətəndir.

- Parisdə azadsan?
- Bəli. Burda çox xoşbəxtəm. Düzdür, bəyənmədiyim nəsnələr var. Məsələn, bürokratiya, vətəndaşlıq problemim. Amma yenə də azadlığımdan məmnunam. Baxmayaraq ki, burda da cinsi mənsubiyyət məsələsində radikal düşünənlər var. Ümumiyyətlə, Fransa çox paradoksal ölkədir. Kimin qarşısına nə çıxacağını bilmək olmur. Miqrant var ki, ona ilk müraciətdən vətəndaşlıq verilir, miqrant da var ki, illərlə sürünür.

- Dövlətin ayırdığı müavinətlə dolana bilirsən?
- Tam istədiyim kimi olmasa da, dolanıram. Hər ay 700 avro pul yardımı alıram, bunun yarıdan çoxu ev kirayəsinə, kommunal xərclərə gedir. Çalışıram çox bədxərclik etməyim. Rusların bir atalar misalı var: «Хочешь выжить, умей вертеться». Mən də yaşamaq üçün başımı hərləməyə çalışıram. İstənilən halda həyatımdan razıyam. Azadlıq hissimi heç bir maddi zənginliyə dəyişmərəm.

- 5 ildir ki, Fransadasan. Qanunla sən artıq buranın vətəndaşı sayılmalısan.
- Hazırda bu yöndə proses davam edir. Mənim məsələm araşdırılır. Dediyim kimi, o qədər sənəd təqdim etmək lazımdır ki, adam bəzən çox bezir. Yəqin ki, yaxın zamanlarda alaram.

- Cinsi oriyentasiyandan dolayı Azərbaycanda həyatın üçün təhlükə yaranmışdı. Hətta doğma qardaşın səni öldürəcəyini demişdi. Bəs, Fransada bu məsələyə radikallıq necə ifadə olunur?
- Müxtəlif formada. Kimisi etiraz aksiyası ilə, kimisi iqnor baxışlarla, kimisi də susqunluqla.

- Yeri gəlmişkən, br müddət öncə Fransa parlamentdə eyni cinsli insanlar arasında nigahın izninə dair qanuna etiraz mitinqləri keçirilmişdi. Bununla bağlı fikrini bilmək maraqlı olardı.

- Mən də həmin qanunun qəbul olunmasının tərəfdarıyam. Parlamentın son qərarını gözləyirik. Ümid edirəm bizim xeyrimizə nəticələnər. Amma nigah mənim üçün çox da önəmli deyil. Məgər bütün əks cinsin münayəndələri evlənirlər? Onsuz da həyatımı istədiyim kimi yaşayıram. Yaxın gələcəkdə də evlilik-filan düşünmürəm. Amma yenə də dünyanın işini bilmək olmaz.

- Hər baxımdan toxunulmazlığın təmin edilsə, Azərbaycana qayıdarsan?
- Yox, istəmirəm.

- Qohumlardan kiminləsə əlaqə saxlayırsan?
- Heç kimlə. Buna nə ehtiyac, nə də istək duyuram. Təkliyi sevirəm.

Babi Parisi gəzdirməyi təklif etdi. Fransada ilk dəfə olan biri üçün bundan yaxşı fürsət ola bilməzdi. Dərhal razılaşdım, amma...

B.B: Gələndən haraları gəzmisən?
- Hələ ki, Luvr və İnvalidlər Evindəki Hərbi muzeydə olmuşam.

B.B: Başqa haraları görmək istəyrsən?
- Parisə ilk dəfə gələn birinə bütün yerlər maraqlıdır. Amma ən çox Eyfel qülləsini, Notrdam Paris məbədini, Yelisey çöllərini görmək istəyir.

B.B: Yox, mən səni oralara aparmayacağam.
- Niyə?

B.B: Çünki mənim konsepsiyama ziddir.

- (təəccüblə) Anlamadım? Mənim istəklərimin sənin konsepsiyanla nə əlaqəsi?

B.B: Oralar yüksək təbəqənin yaşadığı, dolaşdığı yerdir. Zahiri gözəllikdir. Əsl Paris həyatı başqa yerdədir. Bir jurnalist kimi sənə həmin yerlər daha maraqlı olacaq. Gedirsənsə, mən dediyim yerlərə gedək. Yox, əgər istəmirsənsə, onda ayrılaq özün tək get, gəz.

- Səncə, bu, eqoistcə deyilmi?
B.B: Bəlkə də. Amma neyləyim, mən beləyəm.

- Hamı ilə belə eqoistcə davranırsan, yoxsa ancaq həmyerlilərinlə?
B.B: Demək olar ki, hamı ilə. Birinin dediyini etmək üçün gərək o insanı həddən artıq çox sevəm.

- Varmı həyatında belə bir insan?
B.B: Vardı. Keçən il ayrıldığım “boyfriend”imi çox sevirdim. Öl desə, ölürdüm, yaşa desə, yaşayırdım, ye desə, yeyirdim, ac qal desə, ac qalırdım...

- Yaxşı, onda əvvəlcə mənə “əsl Paris” dediyim yerləri göstər, sonra gedəcəyim yerin istiqamətini başa sal, özüm gedib gəzərəm.
- B.B: Gəl, əvvəlcə səni Monmartra aparım. Turistik yerdir. Monmartr yüksəkliyindən bütün Parisi görə bilərsən. Təxminən Bakıdakı funikulyora oxşayır...

Bir neçə saat ərzində Babi mənə Monmart təpəsini, orta və aşağı təbəqədən olan unsanların yaşadığı yerləri – Stalinqrad, Belleville, Barbes... küçələrini, daha sonra Parisin şərqində yerləşən, dünyanın ən məşhur və qədim Per-Laşez məzarlığı gəzdirdi.
Rəssamın evində də qonaq olmağa imkan tapdım. Gözəl, geniş baxçalı, amma balaca, darısqal evdə əsl yaradıcı mühitin olduğunu demək olmazdı...

- Belə darısqallıqda necə işləyirsən?
B.B: Rəsmlərimi yerə sərib çəkirəm. Bu otağa ayda 600 avro kirayə haqqı verirəm. Bura yeni köçmüşəm.

- Bir nəfərin güclə sığışdığı bu otağa 600 avro çox baha deyilmi?
B.B: Bahadır, amma başqa variantım yoxdur. Hələlik məni qane edir. Daha böyük evə maddi imkanım çatmır. Ayı aya güclə calayıram.

Həmsöhbətimin evində keçirdiyimiz yarım saat ərzində Babi Bədəlov məni son işlərilə tanış etdi. Ona hədiyyə olaraq gətirdiyim Şəki paxlavasını mətbəxə qoyaraq “Paxlavanı sevirəm, amma şirniyyatlardan ən çox sevdiyim qoğaldır, özü də şirinindən. Kaş mənə qoğal gətirəydin. Ürəyim gedir şirin qoğal üçün”.
- Dad zövqünü əvvəlcədən bilsəydim, ürəyin istədiyini gətirərdim. Day keçib, üzrlü bil. Qalsın növbəti səfərimə...

Babi ilə bütün ünsiyyətimizin xoş notlar üzərində qurulduğunu demək olmaz. Razılaşmadığımız məqamlarda yol boyu sözləşə-sözləşə gedirdik. Məsələn, Parisin mənzərəsini, küçələrə kameramı tuşlamağıma bənd imiş ki, “çəkmə, qadağandır”, “indi fransız polisləri tökülüb gələcəklər” deyə irad bildirməyə başladı.

Babi, mən, konkret insanları yox, şəhərin ümumi görünüşünü çəkirəm. Binalar da hansısa dövlət qurumuna məxsus deyil. Harda görülüb ki, turistlər hər kadra görə pul ödəsin?

Küçə musiqiçilərini çəkərkən isə:

B.B: “Olmaz, fotoya görə küçə musiçiqilərinə pul ödəməlisən”.
- Ya səbr! Babi, küçə musiqiçilərini bütün turistlər çəkir. Mən də iş və ya qeyri-iş gərəyi nəyi, harda, necə çəkdiyimi də çox gözəl bilirəm.

Və nəhayət, metroda, qatarda telefonuma gələn mesajı açıb oxumaq istəyərkən, qəfil telefonu qapatması səbrimin son damlası oldu.

- Anlamadım. Bu da nə deməkdir?
B.B: Mən sevmirəm ictimai nəqliyyatlarda telefonla oynanmasını.
- Mən də sevmirəm hərəkətlərimə, nə edib-etməyəcəyimə yersiz müdaxilələri. Xahiş edirəm bu, son olsun.


Metro yolçuluğumuz susqunluqla keçdi. Sükütü Babi dağıtdı - yenidən müsahibə mövzusunu açmaqla.

B.B: Nəsə istəmirəm haqqımda yazı getsin. Tərifdən zəhləm gedir.
- Niyə elə düşünürsən ki, səni tərifləyəcəyəm? Bəlkə tənqid edəcəyəm?

B.B: Yox, elə də istəmirəm.
- Bəs nə istəyirsən?
B.B: ....
- Sənin bu qədər xoflu, kompleksli olduğunu bilməzdim. Bir az rahatlan. Narahatlığın üçün əsas yoxdur.

Yenidən susqunluq. Gün ərzində mülayimlikdən aqresssivliyə, şən əhval-ruhiyyədən küskünlüyə qədər hava kimi dəyişkən münasibətimizin sonuna gəldik. Təbii ki, gülərüzlə.

- Hər şey üçün təşəkkürlər Babi. Səninlə şəxsən tanışlığıma şad oldum.
B.B: Xahiş edirəm sözlərimdən, hərəkərlərimdən incimə. Bilirəm çətin adamam.

- Hə, deyildiyi qədər varmışsan. Amma hər kəsi olduğu kimi qəbul etməkdən başqa çarə yox...

Sevda Babayeva
Bakı-Paris-Bakı



Teqlər:  





Xəbər lenti