Tramp: "İranı yenidən vurarıq"

      Tramp:    "İranı yenidən vurarıq"
  25 İyun 2025    Oxunub:1349
"Əgər Tehran uranı zənginləşdirməyə yenidən başlayarsa, ABŞ Hərbi Hava Qüvvələri yenidən hücuma keçəcək".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp yerli mətbuatın suallarını cavablandırarkən dilə gətirib. O, eyhamla diqqətə çatdırıb ki, "İran uranı zənginləşdirmək, nüvə proqramını yenidən canlandırmaq xülyasından əl çəkməlidir".

"Onlar qətiyyən nüvə bombası yarada bilməzlər", - Tramp vurğulayıb.

O, ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektini bombalamasını Vaşinqtonun İkinci Dünya müharibəsi dövründə Yaponiyaya atom bombası atması ilə qarşılaşdırıb:

"Hirosimadan, Naqasakidən nümunə gətirmək istəmirəm, amma həmin əməliyyat kimi İrana zərbə də müharibəni başa çatdırdı. Bu zərbəni həyata keçirməsə idik, onlar (İran və İsrail - red.) hələ döyüşəcəkdilər. Düşünürəm ki, artıq İranla ortaq məxrəcə gələ biləcəyik", - ABŞ lideri söyləyib.
İranda ölən komandirlər üçün dəfn mərasimi keçiriləcək

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarıb, İran isə əsasən İsraildəki yaşayış məntəqələrinə raket buraxıb. ABŞ-nin, şəxsən Prezident Donald Trampın müdaxiləsi nəticəsində tərəflər arasında dünən atəşkəs qüvvəyə minib. 12 günlük müharibə ərzində hər iki ölkədə çoxsaylı mülki insan itkisi baş verib, o cümlədən İranın bir sıra ali hökumət və ordu nümayəndələri həyatını itirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   İsrail   müharibə  



Xəbər lenti