The Atlantic: “Tramp İranı belə aldadıb”

      The Atlantic:    “Tramp İranı belə aldadıb”
  23 İyun 2025    Oxunub:1040
İrana hücum qərarını hələ iyunun 18-də verən ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı yaxın ətrafını məlumatlandırıb.
AzVision.az bildirir ki, planla tanış olan dörd mənbəyə istinad edən “The Atlantic” jurnalının yazdığına görə, Trampın İrana diplomatik həllə üçün daha iki həftə vaxt verdiyi barədə açıqlaması Tehranı qəfil yaxalamaq üçün nəzərdə tutulmuş “tüstü pərdəsi” rolunu oynayıb.

“ABŞ prezidenti iyunun 18-də Milli Təhlükəsizlik üzrə müşavirləri ilə görüşdən sonra İranın nüvə obyektlərinə zərbə endirmək qərarını özəl şəkildə açıqlayıb”, - jurnal yazır.

“Reuters” agentliyi, öz növbəsində, xəbər verir ki, Tramp Tehranın nüvə sazişi üzrə razılığa gəlməkdə maraqlı olmadığına əmin olduqdan sonra zərbə endirməyi “düzgün qərar” hesab edib. Belə ki, Tramp hakimiyyətə qayıtdıqdan sonra ABŞ və İran bu məsələ ilə bağlı beş raund danışıqlar aparıb. İsrailin İrana zərbələrindən sonra iyunun 15-nə planlaşdırılan danışıqların altıncı raundu ləğv edilib.

İrandakı uran hara “yoxa çıxıb”? | VİDEO
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ İranın üç nüvə obyektini - Fordo, Natanz və İsfahanı vurub. Amerika lideri zərbələrin dünyada “terrorçuluğun əsas sponsoru” tərəfindən yaranan nüvə təhlükəsini aradan qaldırmaq məqsədi daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə proqramındakı əsas obyektlər “tamamilə məhv edilib” , lakin İranda hələ də “bir çox hədəflər” qalıb. Donald Tramp Tehranın sülhə getməyəcəyi halda növbəti zərbələrin daha pis olacağı ilə İranı hədələyib.

Maraqlıdır ki, bununla belə, “The New York Times (NYT)” qəzeti Donald Trampın administrasiyasının nüvə silahının əsas komponenti olan zənginləşdirilmiş uranın İrandakı taleyinə aydınlıq gətirə bilmədiyini iddia edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   İran   aldatmaq  



Xəbər lenti