Kats: "Qorxaq diktator cavab verəcək"

      Kats:    "Qorxaq diktator cavab verəcək"
  19 İyun 2025    Oxunub:1166
(İsraildə İran tərəfindən bu gün raketlə vurulan xəstəxana)

"İranın lideri Əli Xamenei İsrailin cənubundakı "Soroka" xəstəxanasını ballistik raketlə vurmasına, bu müharibə cinayətinə görə cavab verəcək".
Bu sözləri İsrailin müdafiə naziri İsrael Kats yerli mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, "qorxaq İran diktatoru özünün bunker istehkamında oturaraq, İsraildəki xəstəxanalara, yaşayış binalarına hücum əmri verir".

"Bu hücumlar ən ağır müharibə cinayətləridir. Xamenei bu cinayətlərin məsuliyyətini daşıyır", - o deyib.

Katsın sözlərinə görə, o, Baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrail Ordusuna İran ərazisindəki strateji hədəflərə, Tehrandakı hökumətlə əlaqəli obyektlərə hücumları artırmağı tapşırıb. Tapşırığın məqsədi İsrail Dövlətinə qarşı təhlükəni aradan qaldırmaq, "ayətullah rejimini" zərərsizləşdirməkdir.

Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə bu gün İsrailin Beer-Şeva şəhərindəki Soroka Tibb Mərkəzinə güclü raket hücumu həyata keçirib. Çoxsaylı mülki əhali müxtəlif dərəcədə xəsarətlər alıb.

Hazırda ABŞ Ordusunun da İrana birbaşa müdaxiləsi ehtimalı da istisna deyil.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə   xəstəxana   hücum  



Xəbər lenti