Moskva Kiyevin memorandumunu alıb - VİDEO

   Moskva Kiyevin memorandumunu alıb     - VİDEO
  02 İyun 2025    Oxunub:1411
Sülh yolu ilə nizamlanma haqqında Ukrayna öz memorandumunun varinatını Rusiyaya təqdim edib.
AzVision.az xəbər verir ki, İstanbulda keçirilən sülh danışıqlarında Rusiyanın nümayəndə heyətinin rəhbəri Vladimir Medinski dövlət mediasına açıqlamasında Kiyevin ukrayna və ingilis dillərində Moskvaya memorandum göndərdiyini bildirib. O, həmçinin sənədin əsas məqamlarının artıq Qərb mətbuatında dərc olunduğuna diqqət çəkib.

Ukraynanın “Obşestvennoye” nəşrinin yazdığına görə, Kiyev memorandumda danışıqlar üçün şərt kimi Moskvadan “göydə, quruda və dənizdə qeyd-şərtsiz atəşkəs" tələb edib.

Bundan başqa, Ukrayna tərəfi ölkədən deportasiya olunmuş və qeyri-qanuni köçkün edilmiş bütün uşaqların geri qaytarılmasında və etimadın möhkəmləndirilməsi tədbiri kimi “hamının hamıya” prinsipi ilə məhbusların mübadiləsində israrlıdır. Kiyev həmçinin Rusiyadan “təcavüzün təkrarlanmaması” ilə bağlı etibarlı təhlükəsizlik zəmanəti alacağını gözləyir.

“Ukrayna neyrtal olmağı öhdəsinə götürmür. Ölkə Avro-Atlantik icmasının bir hissəsi olmağı seçə və Aİ üzvlüyünə doğru irəliləyə bilər. Kiyevin NATO-ya üzvlüyü Alyans daxilində konsensusdan asılıdır. Ukrayna Müdafiə qüvvələrinin sayı, yerləşdirilməsi və digər parametrləri, habelə xarici dost dövlətlərin qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə heç bir məhdudiyyət qoyula bilməz”, - KİV-lər memorandumdan sitat gətirirlər.

Sənəddə qeyd olunur ki, Rusiyanın 2014-cü ildən sonra əldə etdiyi ərazilər beynəlxalq ictimaiyyət tərəfindən tanınmamalıdır. Habelə, Rusiya və Ukrayna liderlərinin nizamlanmanın əsas aspektlərini razılaşdırmaq üçün görüşməli olduqları bildirilir.
Kiyev Rusiyaya qarşı sanksiyaların tədricən və mərhələli şəkildə ləğv edilməsinə icazə verir və lazım gələrsə, onların yenilənməsini mümkün sayır.

Xatırladaq ki, bu gün 2-də İstanbulda Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçiriləcək. Ukrayna nümayəndə heyətinə ötən dəfə olduğu kimi Müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   memorandum  



Xəbər lenti