İrəvan Brüsselə sadiq olduğunu iddia edir

   İrəvan Brüsselə sadiq olduğunu iddia edir
  16 May 2025    Oxunub:374
Ermənistanın baş naziri Nikol Paşinyan Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenlə görüşdə İrəvanın Aİ ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Ermənistan hökumətinin yaydığı bəyanatda belə deyilir.

“Nikol Paşinyan Aİ-nin Ermənistanda həyata keçirilən islahatlara ardıcıl dəstəyini yüksək qiymətləndirib və Ermənistan hökumətinin Aİ ilə əməkdaşlığın dərinləşdirilməsini davam etdirməyə, qarşılıqlı fəaliyyətin yeni və səmərəli mərhələsini təmin etməyə hazır olduğunu vurğulayıb”, - açıqlamada bildirilir.

Məlumatda Kosta və fon der Lyayenin Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunun qəbulunu alqışladığı və mühüm addım saydıqları və viza rejiminin liberallaşdırılması prosesinin ikitərəfli sürətləndirilməsinin vacibliyini söylədikləri deyilir. Avropa rəsmiləri həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninə dair razılaşmanı alqışlayıblar.

Moskva: “Ermənistanı çətin gələcək gözləyir”
- Avropa rəsmiləri Aİ-nin sülh prosesini dəstəkləməyə və regionda uzunmüddətli sabitliyin təşviqini davam etdirməyə hazır olduğunu vurğulayıblar”, - Ermənistan hökumətinin açıqlamasında vurğulanır.

Xatırladaq ki, aprelin 4-də Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanun imzalayıb. Bundan əvvəl Paşinyan bildirib ki, bu, İrəvanın icmaya qoşulması prosesinin avtomatik başlaması demək deyil, çünki bu məsələ referendum tələb edir.

Eyni zamanda, İrəvanın Aİ ilə apardığı ikibaşlı oyunlardan narazı olan Moskva Ermənistanı çətin gələcək gözlədiyi barədə dəfələrlə xəbərdarlıq səsləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     Ermənistan  





Xəbər lenti