Trampın doğum günündə hərbi parad neçəyə başa gələcək? - VİDEO

   Trampın doğum günündə hərbi parad neçəyə başa gələcək?    - VİDEO
  15 May 2025    Oxunub:364
ABŞ ordusunun yaradılmasının 250 illiyi və ölkə prezidenti Donald Trampın 79 illik yubileyi ilə bağlı Vaşinqtonda keçirilən hərbi parad üçün büdcədən 25-45 milyon dollar xərclənəcək.
AzVision.az xəbər verir ki, məmurlara istinadən belə məlumat yayan “Reuters” agentliyinin yazdığına görə, bu xərclərə texnika keçdikdən sonra yol təmiri daxil deyil.

İyunun 14-də baş tutacaq paradda 6600 hərbçi, 50 təyyarə və 150 yerüstü texnika, o cümlədən 20 “M1 Abrams” tankı iştirak edəcək. Agentlik bildirir ki, logistika və təhlükəsizlik xərcləri hesabına yekun məbləğ 45 milyon dollara çata bilər.

Xatırladaq ki, daha əvvəl, daxili sənədlərə istinad edən “Associated Press (AP)” agentliyi ABŞ administrasiyasının iyunun 14-də ölkənin Silahlı qüvvələrinin 250 illiyi münasibətilə genişmiqyaslı hərbi parad keçirməyi nəzərdən keçirdiyini yazmışdı. Tədbirin tarixi Donald Trampın 79-cu doğum gününə təsadüf edir. Paradın Vaşinqtondakı Milli Alleyada keçirilməsi planlaşdırılır.

Həmin məlumatda paradda 6,3 minə yaxın hərbi qulluqçunun, o cümlədən tank və piyada birləşmələrinin, ordu orkestrlərinin və paraşütçülərin iştirak edə biləcəyi vurğulanırdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   parad  





Xəbər lenti