London və Berlinin birgə silah layihəsi

Böyük Britaniyanın Müdafiə naziri Con Hili və onun almaniyalı həmkarı Boris Pistoriusun mayın 15-də Berlində keçiriləcək görüşdə yeni uzaqmənzilli silahlar layihəsini açıqlayacağı gözlənilir. Bəyanatda layihənin müddəti və ya dəyəri barədə ətraflı məlumat verilməyib.
“Getdikcə daha təhlükəli olan bu dünyada NATO və onun Avropalı müttəfiqləri birləşib. Bu tərəfdaşlıq bizə müdafiə sektorunu inkişafın mühərrikinə çevirməkdə, Böyük Britaniya və Almaniyada iş yerləri yaratmaqda və investisiya cəlb etməkdə kömək göstərir”, - Con Hilinin bəyanatında vurğulanır.
Nazirlərin həmçinin dəniz patrulu və kəşfiyyat təyyarələri üçün torpedaların birgə alınmasını müzakirə edəcəkləri və Almaniyaya Böyük Britaniya istehsalı olan hərbi körpülərin alınması ilə bağlı müqaviləni elan edəcəkləri gözlənilir.
Xatırladaq ki, aprel ayında Böyük Britaniyanın Müdafiə nazirliyi hipersəs raketləri üçün mühərrik üzərində ABŞ ilə birgə sınaqların başa çatdığını elan edib. Sınaqlar məqsədi 2030-cu ilə qədər hipersəs silahının nümunəsini yaratmaq olan Böyük Britaniyanın “Team Hypersonics” proqramının bir hissəsi kimi altı həftə ərzində həyata keçirilib.
Onda Con Hili “yenilik etmək və rəqibləri qabaqlamaq” zərurətini vurğulayaraq, ölkənin “hərbimizi gücləndirmək və çəkindirmə qabiliyyətini artırmaq üçün” Böyük Britaniyanın ABŞ ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Britaniya Almaniya silah