PKK ləğv edilib

   PKK ləğv edilib
  12 May 2025    Oxunub:484
Terror təşkilatı PKK (rəsmi adı ilə "Kürdüstan Fəhlə Partiyası" ) özünü ləğv etdiyini açıqlayıb.
Təşkilat bu barədə özünün XXII Partiya Qurultayında bəyanat yayıb. Bəyanatda vurğulanır ki, PKK özünün tarixi missiyasını başa çatdırıb.

"Lider Aponun (Abdullah Öcalan - red.) rəhbərliyində PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizə metoduna son qoyulması qərara alınıb. PKK adı altında həyata keçirilən fəaliyyətlər yekunlaşdırılıb", - bəyanatda bildirilir.

Məlumat üçün bildirək ki, PKK terror təşkilatı 1978-ci ildə Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulub. Təşkilat 1984-cü ildən başlayaraq Türkiyə ərazisində çoxsaylı terror aktları həyata keçirib. 1999-cu ildə Abdullah Öcalan Keniyada Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib. O, 1999-cu il iyunun 29-dan bəri İmralı həbsxanasında saxlanılır. Həmin dövrdə təşkilatın rəhbəri kimi Murad Qarayılan seçilib. PKK Türkiyə, ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkə, o cümlədən Azərbaycan tərəfindən terror təşkilatları siyahısına salınıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: PKK   terror   təşkilat   ləğv  





Xəbər lenti