Mertsin uğursuzluğu millətçiləri ruhlandırıb - VİDEO

         Mertsin uğursuzluğu millətçiləri ruhlandırıb    - VİDEO
  06 May 2025    Oxunub:401
Almaniyada məşhur ifrat sağçı “Almaniya üçün Alternativ (AfD)” partiyasının lideri Alisa Vaydel Fridrix Mertsin kansler seçilmək üçün birinci turda lazımi səsləri toplaya bilməməsindən sonra ölkədə yeni parlament seçkiləri keçirməyə çağırıb.
AzVision.az xəbər verir ki, Alisa Vaydel sadəcə dərrakənin rəhbər tutulması ilə bağlı müraciət edə biləcəklərini açıqlayıb.

“Merts gərək, sadəcə olaraq, istefa versin, ölkəmizdə yeni seçkilərə yol açılmalıdır. Seçki vədlərini pozan Mertsin kansler vəzifəsinə namizədliyinin irəli sürülməsi faktının özü Almaniyanın siyasi vəziyyətini xarakterizə edir. AfD Almaniya hökumətinə rəhbərlik etməyə və ölkəni baş-ayaq qoymağa hazırdır”, - xanım Vaydel bildirib.

Qeyd edək ki, bundan əvvəl mühafizəkar Xristian Demokratlar İttifaqı və Xristian Sosialistlər İttifaqı blokunun (XDİ/XSİ) namizədi Fridrix Merts ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaq deputatlarının mütləq əksəriyyətinin səsini qazana bilməyib. Səsvermə zamanı Mertz zəruri olan 316 səsdən 310-nu qazana bilib. Bundestaqın 630 üzvündən 307-si onun əleyhinə səs verib.

Vəziyyətin onun xeyirnə dəyişməsi üçün keçiriləcək daha iki tura ümid etmək olardı. Lakin Almaniyanın “Bild” nəşrinin XDİ/XSİ fraksiyasındakı mənbələrə istinadən yazdığına görə, Fridrix Merts bu gün keçirilməsi nəzərdə tutulan səsvermədə namizədliyini irəli sürülməkdən imtina edib.

Beləliklə, Almaniyada bu gün yeni kansler olmayacaq. Mertsin mayın 7-də planlaşdırdığı bütün xarici səfərləri isə sual altına düşür. O, Parisə, sonra da Varşavaya getmək niyyətində idi.

Maraqlıdır ki, Almaniya tarixində heç vaxt seçkilərdən və uğurlu koalisiya danışıqlarından sonra qalib gələn partiyanın namizədinin səsvermədə iştirak etməməsi nümunəsi olmayıb.

- Təklif olunan şəxs seçilməzsə, Bundestaq sonrakı 14 gün ərzində deputatların mütləq səs çoxluğu ilə Federal kansleri seçə bilər”, - Almaniya Konstitusiyasının 63-cü maddəsində bildirilir.

Almaniyanın ən məşhur partiyası “ekstremist” adlandırıldı
İkinci raundda qələbəyə inanan Merts istənilən vaxt yenidən namizəd ola bilər. Digər namizədlər də iki həftə ərzində şanslarını sınaya bilərlər, lakin onların da 316 səs toplaması lazımdır. 14 gün ərzində kansler seçilməsə, dərhal səsvermənin yeni mərhələsi keçirilir və bu turda, sadəcə, maksimum səs toplayan şəxs qalib sayılır.

Xatırladaq ki, AfD partiyasının qadağan edilməsi ilə bağlı “Bild” nəşrinin sifarişi əsasında “INSA” ictimai rəyin öyrənilməsi institutunun keçirdiyi sorğuda respondentlərin 37%-i AfD-nin mümkün qadağasının əleyhinə, 48%-i isə lehinə olub. Digər 15% isə qərar verməkdə çətinlik çəkib.

Sorğu Almaniyanın əks-kəşfiyyat idarəsi partiyanı mayın 2-də sağçı ekstremist təşkilat elan etdikdən sonra keçirilib. Respondentlərin 79%-i bu qərardan sonra AfD ilə bağlı fikirlərini dəyişmədiklərini, 10%-i isə bunun partiyaya münasibətə təsir etdiyini söyləyib.

Yeri gəlmişkən, ABŞ-nin Dövlət katibi Marko Rubio Almaniyanın əks-kəşfiyyat idarəsinin bu qərarını sərt tənqid atəşinə tutub.

“Almaniya öz kəşfiyyat xidmətinə müxalifəti izləmək üçün yeni nəzarət səlahiyyətləri verdi. Bu, demokratiya deyil - maskalanmış tiranlıqdır. Əsl ekstremizm bu yaxınlarda keçirilən seçkilərdə ikinci yeru tutan məşhur AfD yox, ölümcül açıq sərhəd siyasətidir”, - ABŞ-nin Dövlət katibi vurğulayıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   kansler   Merts  





Xəbər lenti