“Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyası (SAARC) ştatları ilə vizasız mübadilə əsasında Hindistanda olan Pakistan vətəndaşları Nyu-Dehlinin buna 48 saat müddət təyin etməsi ilə əlaqədar öz vətənlərinə getməyə başlayıblar. Ölkədən çıxış Hindistan-Pakistan quru sərhədində insanların və malların hərəkəti üçün açıq olan yeganə Attari-Vagah keçid məntəqəsindən baş tutur”, - “Press Trust of India” agentliyi bildirir.
Pakistan, öz növbəsində, buna cavab kimi hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. İslamabad, həmçinin üçüncü ölkələr vasitəsilə tranzit də daxil olmaqla Hindistanla bütün ticarəti dərhal dayandırdığını açıqlayıb.
“The New York Times (NYT)” nəşrinin yazdığına görə, nüvə gücləri olan Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi yeni silahlı qarşıdurma təhlükəsi yaradır.
- Hindistanda gərginlik artıq dünən gecə başlayıb və bu, 2019-cu ilin fevralında yaşanandan daha geniş miqyasda olacaq. İndi münaqişə təhlükəsi həm də Hindistan hakimiyyəti tərəfindən ABŞ ilə münasibətlərin inkişafı üçün bəhanə və tariflərin tətbiqindən imtina etmək üçün danışıqlar yolu kimi istifadə olunacaq”, - qəzet pakistanlı analitik Seyid Məhəmməd Əlinin sözlərini sitat gətirir.
![]() |
Hindistan Pakistandakı səfirlik işçilərini ixtisar edir |
Hindistanın Xarici İşlər nazirinin birinci müavini Vikram Misri Pakistanla sərhəddə “Atari” sərhəd-keçid məntəqəsinin bağlandığını açıqlayıb. Bu məntəqədən Hindistan ərazisinə gələnlərin hamısı mayın 1-dək Pakistana qayıtmalıdır.
Qeyd edək ki, aprelin 22-də törədilən və 26 nəfərin ölümü ilə nəticələnən terror aktı son illərin ən böyük terror aktı olub. Qətlə yetirilənlərin əksəriyyəti turistlər idi.
Hindistanın hüquq-mühafizə orqanlarına istinad edən “ANI” agentliyinin yazdığına görə, Hindistan polisi terro aktında şübhəli bilinənlərin şəxsiyyətini müəyyənləşdirib. Üç şübhəlidən ikisinin Pakistan vətəndaşı olduğu iddia edilir.
Cammu və Kəşmir ştatının polisi şübhəlilərin adları açıqlanan bildirişlər yayımlayıb. Onların hər biri haqqında məlumat üçün 2 milyon hind rupisi (23 min dollardan çox) mükafat təklif olunur. Təhlükəsizlik qüvvələri ştatın ərazisində ekstremistlərin axtarışını davam etdirir.
Sahil İsgəndərov
AzVision.az