Zelenski təcili şəkildə Ukraynaya qayıdıb - VİDEO

   Zelenski təcili şəkildə Ukraynaya qayıdıb  - VİDEO
  24 Aprel 2025    Oxunub:323
Rusiyanın kütləvi hücumu səbəbindən Ukrayna prezidenti Volodimir Zelenski Cənubi Afrika Respublikasına (CAR) səfərini yarımçıq qoyub.
AzVision.az xəbər verir ki, Volodimir Zelenski öz Telegram-kanalında Rusiyanın Ukraynaya hücumunu şərh edərək, Kiyevin hələ 44 gün əvvəl tam atəşkəsə razılaşdığını xatırladıb. Lakin Rusiya insanları öldürməyə və buna görə sərt təzyiq və məsuliyyətdən yayınmağa davam edir.

O, eyni zamanda, G20-yə sədrlik edən CAR-ın prezidenti Siril Ramafosa vəziyyət və qlobal diplomatik səylərin gücləndirilməsi zərurəti barədə məlumat verəcəyini deyərək, zərbələrin dərhal və qeyd-şərtsiz dayandırılmalı olduğunu vurğulayıb.
Ukrayna prezidenti, həmçinin humanitar məsələlərdə - Rusiya tərəfindən əsir götürülmüş və oğurlanmış ukraynalı uşaqların geri qaytarılmasında Cənubi Afrikanın köməyinə ümid etdiyini bildirib.

“Mən bu səfər proqramının bir hissəsini ləğv edirəm və Cənubi Afrika Prezidenti ilə görüşdən sonra dərhal Ukraynaya qayıdacağam. Amma Ukraynanın Xarici İşlər naziri ölkənin siyasi və ictimai liderlərini vəziyyətlə bağlı tam məlumatlandırmaq üçün Cənubi Afrikada bütün lazımi görüşləri keçirəcək”, - Volodimir Zelenski açıqlayıb.

Qeyd edək ki, aprelin 24-nə keçən gecə Rusiya qoşunları Ukraynaya yeni kütləvi zərbələr endiriblər. Onlar ballistik raketlər də daxil olmaqla Ukrayna ərazisinə müxtəlif tipli 70 raket və 145 dron buraxıblar. Ukraynanın hava hücumundan müdafiə (HHM) qüvvələri 48 raket və 64 pilotsuz uçan aparatı məhv edib.

Son məlumatlara görə, Rusiyanın hücumu nəticəsində Kiyevdə 8 nəfər ölüb, 70-dən çox insan yaralanıb.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Zelenski   CAR   səfər  





Xəbər lenti