Qoyunda quş qripi aşkarlandı

Qoyunda quş qripi aşkarlandı
  24 Mart 2025    Oxunub:1014
Britaniya hökuməti Yorkşir qraflığında yerləşən fermada quş qripi virusu (H5N1) daşıyan bir qoyunun aşkarlandığını, lakin digər heyvanlarda yoluxma hallarının qeydə alınmadığını bildirib.
“Sky News”un yaydığı məlumata görə, virusun aşkarlandığı təsərrüfatda əvvəllər qəfəsdə saxlanılan quşlarda quş qripi müəyyən olunub. Mütəmadi yoxlamalar zamanı bir qoyunda da virus aşkarlanıb. Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti (DEFRA) bildirib ki, bu, İngiltərədə ilk belə hal olsa da, digər ölkələrdə də əvvəllər heyvanlarda quş mənşəli qrip virusları qeydə alınıb.

“Hazırda ölkənin heyvandarlıq təsərrüfatları üçün riskin artdığına dair heç bir sübut yoxdur,” – deyə DEFRA qeyd edib.

Departamentin məlumatına görə, ABŞ-da inəklərdə quş qripi aşkarlandıqdan sonra bu cür halları nəzarətdə saxlamaq məqsədilə yoluxmuş təsərrüfatlarda əlavə müşahidə tədbirləri həyata keçirilir. DEFRA həmçinin fermerləri quş qripinin mümkün əlamətlərinə qarşı ayıq-sayıq olmağa çağırıb.
AzVision.az




Teqlər:





Xəbər lenti