ABŞ demokratları Haaqa Məhkəməsini müdafiə etdilər
“Qeyri-legitim mühakiməyə qarşı mübarizə Aktı” adlı qanun layihəsi İsrail də daxil olmaqla, ABŞ vətəndaşlarını və ya onların müttəfiqlərini araşdıran, həbs və ya mühakimə edən hər bir əcnəbiyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Sənəd daha əvvəl 45 demokratın da dəstəyi olmaqla 243 səslə Konqresin Nümayəndələr Palatasından keçib.
“Senatdakı demokratlar bəzi təkliflərlə razılaşsalar da, müttəfiqlərlə münasibətlərin pisləşməsi və məhkəmə məmurlarına qarşı sanksiyaların tətbiqi riskini vurğulayaraq, qanunvericilik aktının çox əhatəli olduğunu bildirblər. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri xanım Cin Şahin respublikaçılarla kompromis tapılmadığını deyib”, - Amerika mediası yazır.
ABŞ Konqresindəki İsrailyönlü lobbi, Donald Trampın yanvarın 20-də andiçmə mərasimindən sonra, xüsusən də fevralın 4-də Netanyahunun Ağ Evə səfəri ərəfəsində sənədi imzalaya bilməsi üçün qanunvericilik aktının tez qəbul olunacağına ümid edirdi. Əslində Tramp prezidentin fərmanı ilə Konqresdən yan keçməklə də Haaqa məhkəməsinə qarşı sanksiyalar tətbiq edə bilər, lakin Konqres onun qərarını əngəlləmək hüququna malikdir.
Demokratların Senatdakı lideri Çak Şumer həmkarlarını respublikaçıların qanun layihəsinin əleyhinə səs verməyə çağırıb. Lakin onun iddiasına görə, bu, demokratların anti-İsrail mövqe tutduğuna dəlalət etmir. Şumer BCM-nin İsrailə qarşı mövqeyinin qərəzli olduğunu desə də, respublikaçıların təklifinin hətta məhkəmənin kibermüdafiəsini təmin edən Amerika şirkətlərinə də təsir göstərə biləcəyini söyləyib.
Üzv dövlətlər üzərində yurisdiksiyaya malik olan BCM isə, İsrailə qarşı hərəkətlərinin normal prosedura uyğun olduğunu iddia edib: sübutları qiymətləndirən prokuror onların həbs qərarı vermək üçün kifayət etdiyi qənaətinə gəlib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: BMC respublikaçılar demokratlar