Lapid: "Tədbir görülməsə, HƏMAS dirçələcək"

      Lapid:    "Tədbir görülməsə, HƏMAS dirçələcək"
  28 Yanvar 2025    Oxunub:554
"İsrail hökuməti Fələstin Muxtariyyəti və digər regional qüvvələrlə daha geniş diplomatik danışıqlara başlamasa, HƏMAS terrorçuları yenidən Qəzzada güc toplayacaqlar. Beləliklə, tarixi fürsəti əldən verəcəyik".
Bu sözləri İsrailin müxalifət lideri, "Yeş Atid" ("Gələcək var") Partiyasının sədri Yair Lapid İsrail Təhlükəsizlik Komandirləri Qrupunun Tel-Əvivdə keçirilən konfransında çıxışı zamanı dilə gətirib. O söyləyib ki, Qəzza zolağında atəşkəs "hələ müharibənin sonu deyil".

"Dünən yüz minlərlə qəzzalının Netsarim dəhlizindən keçərək zolağın şimalına qayıtmasını görən hər kəs düşünür ki, müharibə başa çatıb. Hərçənd hələ danışılası məsələlər var. Görünür, bu Netanyahu hökuməti dövründə reallaşmayacaq. Çünki Baş nazir Benyamin Netanyahu Fələstin Muxtariyyətinin Qəzzada idarəçi qalması ilə ümumiyyətlə razılaşmır. Əgər Fələstin Muxtariyyəti kənarlaşdırılsa, deməli, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya da danışıqlara qoşulmayacaq", - Lapid vurğulayıb.

Müxalifət lideri diqqətə çatdırıb ki, Tramp administrasiyası bu məsələdə "Səudiyyə tərəfi ilə ayrılıqda razılığa gəlib saziş imzalaya bilər".

"Zənnimcə, İsrail hökuməti masa arxasında oturmasa belə, onlar İsrail-Fələstin münaqişəsinin həllinə dair saziş imzalayıb, siyirməyə qoyacaqlar. Bu qətiyyən yaxşı fikir deyil. Tramp administrasiyası belə addım atarsa, özünün bütün potensialını əldən verər. Birmənalı razılaşmaq lazımdır ki, İsrail Qəzza məsələsi üzrə danışıqlarda Fələstinin iştirakına icazə verməsə, zolağın idarəsi alternativsiz HƏMAS terrorçularına qalacaq", - siyasətçi deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   münaqişə   danışıqlar  





Xəbər lenti