Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib

   Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib
  20 Yanvar 2025    Oxunub:462
AzVision.az bu barədə Bolqarıstanın təbii qaz tədarükçüsü “Bulgargaz” şirkətinin bəyanatına istinadən xəbər verir.
“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, - şirkət yanvarın 20-də bildirib.

Xəbər verdiyimiz kimi, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı. Tədarükün yanvarın 11-də bərpa olunacağı bildirilsə də, yanvarın 10-da BP şirkəti "Şahdəniz Alfa" platformasından Səngəçal terminalına kondensatın nəqli üçün nəzərdə tutulmuş boru kəmərində texniki nasazlıq barədə məlumat verib. Problemi mümkün qədər tez həll etmək üçün platformanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Yanvarın 18-də axşam kondensat boru kəmərində yaranmış problem tam aradan qaldırıldıqdan sonra "BP-Azərbaycan" şirkəti "Şahdəniz Alfa" platformasından hasilatı bərpa edib.

“Hazırda “Şahdəniz Alfa” platformasından hasilat və ixrac əməliyyatları tədricən artır və tam gücə çatmaq üçün daha bir neçə gün lazımdır”, - "BP-Azerbaijan" qeyd edib.

Qeyd edək ki, platformadan hasilatın dayandırılması Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqlinə təsir göstərib.

Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var.

AzVision.az



Teqlər:





Xəbər lenti