Bayramdan sonra işə adaptasiya olmağın yolları
"Yeni iş ilinə hazırlaşmağa əvvəlcədən başlamaq daha yaxşıdır. Tətilin bitməsinə 3-4 gün qalmış, tədricən adi rejimə qayıtmaq tövsiyə olunur. Gec saatlara qədər oyaq qalmamaq məsləhətdir. Yaxşı olardı ki, balanslaşdırılmış yeməklər seçək, spirtli içkilərdən uzaq olaq, qəhvədən çox istifadə etməyək, səhər, nahar və şam yeməyini eyni vaxtda yeməyə çalışaq. Bu, orqanizmin tez bir zamanda normal həyat ritminə qayıtmasına kömək edəcək.
Bundan əlavə, təmiz havada gəzinti və idman gündəlik həyat tərzimizə daxil edilə bilər. Amma bu fəaliyyətlər bizim yorğunluğumuza səbəb olmamalıdır. Fiziki aktivlik bayramdan sonra bədənin bərpasına və immunitetin artmasına kömək edir.
Beynin məhsuldar işləməsinə kömək etmək üçün psixoloji hazırlıq önəmlidir. Növbəti həftə və ya ay üçün tapşırıq planı qura, işdə ilk günlərdə diqqət tələb edən hər şeyi yaza, bütün il üçün hədəflər təyin edə bilərsiniz. Bu cür planlama narahatlığı azaldır. İş tapşırıqlarını analiz edərək, onlardan hansının daha çox sizə ilham verdiyini müəyyənləşdirmək də faydalıdır. Bu, insanın niyə həmin peşəni və ya iş yerini seçdiyini özünə xatırlatmağa kömək edir.
Bayramdan sonrakı ilk iş günündə çox yüklənməməyə çalışmaq vacibdir. Mümkünsə, xüsusi diqqət tələb etməyən, daha sadə tapşırıqları seçmək məsləhətdir. Orqanizmin yeni rejimə daha asan uyğunlaşması üçün hər 1–1,5 saatdan bir qısa fasilələr etmək vacibdir. Bu fasilələr zamanı nəfəs alma texnikası, meditasiya və ya yüngül gimnastika ilə məşğul olmaq olar".
Həmidə İbrahimova
AzVision.az
Teqlər: iş